Now Reading
Əmin Abid Gültəkin

Əmin Abid Gültəkin

“Balalar babalarının intiqamını alacaqlar”

Azərbaycanın görkəmli maarifçisi, müəllim Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Şuşa şəhərində doğulub. Atası Əhməd ağa onu 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyub. Firidun bəy dörd il bu mədrəsədə təhsil alıb, 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub.

Firidun bəy Köçərli və həyat yoldaşı Badisəba xanım

1879-cu ildə isə Qoriyə gedib və imtahan verərək Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilib. 1885-ci ildə buranı bitirib, İrəvan şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayıb. 1890-cı ildə müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Bağçasaraya gedib İsmayıl bəy Qaspıralı ilə görüşüb.

İrəvanı tərk etdikdən sonra yenidən Qoriyə qayıdan Firidun bəy 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin edilib. Onun təşəbbüsü ilə Qazaxda Müəllimlər Seminariyası açılıb. 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışıb.

Köçərli 1920-ci ildə Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə onun haqqında verilən saxta hökmdə yazılıb: “… Müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir… Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”.

Hökmü təsdiq edən imzanın altında isə “fövqəladə komissar H.Sultanov” yazılıb.

Hadisədən xəbər tutan Nəriman Nərimanov hökmün qarşısını almağa cəhd göstərsə də, buna nail ola bilməyib. Köçərli güllələnərək qətlə yetirilib.

***

Əmin Abid Güntəkin

Firidun bəy Köçərli şəxsiyyəti, onun Azərbaycan milləti yolunda çəkdiyi əziyyətlər mühacirlər arasında da böyük sevgi ilə təbliğ edilib. Məhəmmədəmin Rəsulzadənin mühacirətdə çap etdiyi Azərbaycan şəxsiyyətlərinin təsviri olan açıqcalarda Köçərli də var.

Rəsulzadənin İstanbulda çap etdiyi ilk jurnal olan “Yeni Kafkasya”da isə Köçərli haqqında unudulmuş bir yazı mövcuddur. Azərbaycanın məşhur istiqlal şairi, ədəbiyyatşünas alim Əmin Abid Gültəkin tərəfindən yazılmış həmin məqaləni bugünki dilimizə uyğunlaşdırıb təqdim edirik:

***

İstiqlal şəhidləri

See Also

Müəllim Köçərli Firidun bəy

Rusiyanın qırmızı istila süngüsü Azərbaycanın bağrına saplanarkən sinəsini sipər edənlərdən biri də Firidun bəy oldu. Həyatının mühüm bir qismini gəncliyin təlim və tərbiyəsinə həsr edən Firidun bəy azəri ziyalıları arasında seçilən bir şəxsiyyətə malikdi. Bütün ictimai cərəyanlarda çalışmaqdan geri durmamış, türkcə, rusca nəşrlərlə azəriliyi tanıtmağa çalışmışdır.

Firidun bəy Köçərli və ailə üzvləri

Mərhum, Çarizm zamanında Qafqazda yeganə mövcud olan Qori Darulmüəllimində türkcə müəllimi idi. Azərbaycan istiqlalını elan etdikdən sonra Qazaxda təsis olunan Türk Darülmüəlliminin müdiri idi. Uzun illərdən bəri türk dili və ədəbiyyatı müəllimliyini böyük bir qeyrət və müvəffəqiyyətlə ifa edərək gənc nəsli şimaldan axan yad təsirlərə qarşı qüvvəti yetdiyi qədər müdafiə etmişdir. Qori Darülmüəllimindən çıxan müəllimlər az-çox milli görüşə həmişə bu böyük ustadlarına borcludurlar. Firidun bəy eyni zamanda azəri ədəbiyyatı ilə də çox məşğul olmuşdur. Keçmişə qarışan məşhur ədibləri bir-bir meydana çıxarmaq fədakarlığını göstərmiş və Azərbaycanda yetişən türk şair və ədiblərinin həyat və əsərləri haqqında müfəssəl təzkirələr vücuda gətirmişdir. Fəqət ard-arda gələn hadisələr bu səmərəli işini davam etdirmək üçün ona heç cür fürsət verməmişdir.

Bununla birlikdə mətbuatda davamlı çıxan yazılarından ibarət risalə və kitab şəklindəki əsərləri arasında ikisi çox mühümdür. Bunlardan birincisi türk aləminin ilk faciənəvisi olan məşhur Mirzə Fətəli Axundovun həyatı və yaradıcılığına aiddir. İkincisi xalq ədəbiyyatı məcmuəsidir. “Balalara hədiyyə” adını daşıyan bu əsər ciddən böyük bir əhəmiyyətə malikdir. Firidun bəy bu kitabını vücuda gətirməklə azəri ədəbiyyatına mühüm xidmət göstərmişdir. Unudulmaya məhkum olan milli mahnıları, türküləri, məsəlləri, hadisələri sanki yenidən canlandırmışdır. Gənclik də onun bu əsərlərini böyük bir məhəbbətlə qarşılamışdır. Bunlardan əlavə mərhumun bir də Azərbaycan ədəbiyyatı haqqında rusca nəşr elədiyi bir risaləsi vardır, mühümdür.

Qori seminariyasının müəllim və tələbələr, 1913-cü il

Kommunistlər qanlı pəncələrini Qafqaza uzatdıqları zaman bu fəal müəllimi Qazax Darülmüəllimində vəzifə başında həbs edərək Gəncəyə aparmışlar. Çox keçmədən Azərbaycan üfiqini qana boyayan Moskva süngüsü bütün millətpərvər türk gəncləri kimi Firidun bəyin alnına da qırmızı yazılarla “edam!” deyə yazdı. Siyasətlə fəal əlaqəsi olmayan bir müəllimin mədəniyyətə yaraşmayan bir surətdə məhv edilməsi, türk ziyalılığı, xüsusilə türk müəllimliyi üçün böyük üzüntüdür. Fəqət bizə yeganə təsəlli verən şey bugün daşdan bir məzarı olmayan və harada dəfn edildiyi bilinməyən Firidun bəyin millətpərvər azəri gənclərinin qəlbinə gömülməsidir. Heç şübhəsiz, böyük bir “hədiyyə” verdiyi “balalar” sonunda “babaları”nın intiqamını alacaqdır.

What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top