Now Reading
Mirzə Cəlil və general Tağıyev

Mirzə Cəlil və general Tağıyev

1915-1916-cı illər Birinci Dünya müharibəsinin qızğın vaxtları idi. Tiflisdə Cəlil Məhəmmədquluzadənin mühərriri olduğu “Molla Nəsrəddin” jurnalı nəşrini dayandırır. 1916-cı ilin yanvar ayının 11-də Mirzə Cəlil Bakıya, Məhəmmədəli Sidqiyə məktub yazır. Ədib tüğyan edən müharibənin qiymətlərə təsirindən gileylənir. Tiflisdə jurnal nəşr etmək üçün kağız tapa bilmədiyini söyləyir.

1916-cı ildə Çar Rusiyasında kağız və şəkər istehsal edən fabriklərin əksəriyyəti indiki Polşa ərazisində idi. Almanların həmin əraziləri ələ keçirməsi isə adıçəkilən məhsulların qıtlığına səbəb olmuşdu. Mirzə redaksiya üçün kirayə götürdüyü evin qiymətindən və litoqrafiya xərclərinin birə üç bahalaşmasından bəhs edir. Maddi kömək olmadığı üçün jurnalın yenə də müvəqqəti çap olunacağından qorxur. Mirzə Cəlil dostu Əliqulunun müharibə səbəbindən Culfada mülk işləri pozulduğunu və buna görə ondan dəstək gözləməyə ümidi olmadığını bildirir. 

Mirzə Cəlil

Məktubdan aydın olur ki, Mirzə Bakıya gedib orada Əliqulu Nəcəfovla birlikdə “Ölülər” pyesini səhnəyə qoymağı planlaşdırırmış. Tamaşadan yığılan pula isə jurnalın çapı üçün ilkin mənfəət əldə etməyi düşünürmüş. 1916-cı ilin əvvəllərində cəbhədə məğlubiyyət, daxildə narazılıq və genişlənməkdə olan inqilab dalğaları qarşısında Çar hökuməti və saray güruhunun qorxuya düşməsi nəticəsində irtica güclənir. “Molla Nəsrəddin” jurnalının redaksiyasına jandarmalar gəlir. Kağızları, məktubları, materialları, jurnalın nüsxələrini götürüb aparırlar. Əliqulu Nəcəfovla birlikdə karikaturaçılar Oskar Şmerlinq və Yosif Rotter Metex qalasına həbsə atılır.

Beləliklə, Mirzənin Bakıya gəlişi yubanır.

1916-cı ilin aprel ayının 9-da Mirzə Cəlil və Əliqulu Nəcəfov (o, artıq jurnalın pay sahibi idi) Bakıya gəlirlər. Onlar Bakıda kağız almağı və jurnalın nəşrini davam etdirməyi planlaşdırırlar. Mirzə Cəlil və Qəmküsar “İslamiyyə” mehmanxanasının yeddinci otağında yerləşirlər. Bakı qəzetlərinə elan göndərib, jurnalın çap olunması üçün ianə topladıqlarını bildirirlər. Lakin Bakının neft milyonçuları jurnal üçün qara qəpiyə belə qıymırlar. Həmin neftxudalar Bakı qubernatorunun hər həftə keçirdiyi kübar gecələrdə rus canişinləri və onların arvadları üçün həmin dövr üçün inanılmaz məbləğlər xərcləyir, bahalı hədiyyələr alırdılar.

1916-cı il aprelin 29-da “Nicat” maarif cəmiyyətinin aktyorları tərəfindən “Ölülər” pyesinin səhnələşdirildiyi barədə elan çap olunur. Mirzə Cəlil tamaşanı Tağıyev teatrında nümayiş etdirmək istəyir. Tamaşanın məsul müdiri Üzeyir Hacıbəyli olduğu üçün, Mirzə istəyini ona bildirir. Mirzənin özü teatr üçün Tağıyevin yanına gedə bilməzdi.

Ancaq… Mirzə ilə general arasında on ildən artıq idi ki, ədavət və inciklik vardı!

Mirzə Cəlil və general Tağıyev arasında soyuqluq “Molla Nəsrəddin” jurnalının 24 mart 1907-ci il tarixli, 12-ci sayında çap olunan karikatura səbəbilə yaranmışdı. Həmin il  çar imperiyasına baş nazir seçilən Stolıpin hökumətdə bir sıra ciddi dəyişikliklər etmişdi. Bu dəyişikliklər sonradan tarixə “Stolıpin islahatları” kimi düşəcəkdi. Stolıpin Dumada çıxış edərkən “Rusiyada ağalıq edən din gərək xaçpərəst dini ola” söyləmişdi. Bununla o, Çar imperiyasında onsuz da istibdad acısı çəkən müsəlmanların hüquqlarının tapdanmasına yeni zəmin yaratmışdı.

Elə həmin vaxt “İrşad” qəzetinin beşinci nömrəsində Zəngəzur müsəlmanlarının şikayəti çap olunur. Şikayətçilər mahala camaatı tənbeh etmək üçün gələn yüzə yaxın rus əsgərinin əlindən zara gəldiklərini yazırlar. Onlar kənd camaatından ordu üçün iki at tələb edirlər. Lakin adamlar atın birini verib, digəri üçün bir az vaxt istəyirlər. Rus əsgərlərinin gözləməyə hövsələsi çatmadığı üçün yeddi nəfər müsəlmanı yerindəcə güllələyib öldürür, kəndi isə qarət edərək gedirlər.

Bu, o vaxt idi ki, “İrşad” qəzetinin baş mühərriri Əhməd bəy Ağaoğlu, qəzetin ən məhsuldar yazarı isə Üzeyir Hacıbəyli idi. Əhməd bəyin general Tağıyevlə yaxşı əlaqəsi vardı. Elə Üzeyir bəy Hacıbəylinin da generalla münasibəti pis deyildi. Odur ki, Tağıyev qəzetə himəyadarlıq edir, maddi yardım göstərirdi.

Baş verənlərin fonunda Mirzə Cəlil jurnalının 12-ci nömrəsində general Tağıyeva karikatura həsr edir.

Karikaturada Tağıyev həmişəki qiyafəsində, çiyinlərində qızılı general epoletləri, sinəsində və boynunda isə İmperator çar ikinci Nikolayın profili olan medallar və bir neçə səkkizguşəli nişan təsvir olunur. Nikolayın profilləri olan medalları Çar imperiyası iki cür buraxmışdı. Boyundan asılan medalların ölçüsü iri olurdu. Onlar xalis qızıldan düzəldilirdi. Ölçüsü kiçik medallar isə gümüşdən hazırlanır və yalnız sinəyə sancılırdı. Onlar, adətən, tacirlərə, aktyorlara və saray əhlinə təqdim edilirdi. Ümumiyyətlə, medallar imperator sarayının qulluğunda canı-dildən dayananlara verilirdi.

Səkkiz və altı güşəli nişanları isə Tağıyevə Buxara əmiri bağışlamışdı. O, bu nişanları Çar həzrətlərinə sadiq əyanlara və imperiyanın yüksəlişi naminə çalışanlara hədiyyə edirdi.

Qayıdaq “Molla Nəsrəddin”dəki məlum karikaturaya. Burada Tağıyev medallarla bəzədilmiş qiyafəsində teleqraf qarşısında əyləşib. General teleqrafla Vorontsov-Daşkova – ovaxtkı Qafqaz canişininə məlumat göndərir. Bu, həmin Vorontsov-Daşkov idi ki, onun erməni əsilli arvadı Liza Kinikor (Yelizaveta Qriqoryevna) Qafqazda müsəlmanlara gün verib-işıq vermirdi. Məlumatda deyilirdi: “Mən cəmi müsəlmanlar tərəfindən canişin həzrətlərinə ərz edirəm ki, biz müsəlmanlar canımızı və malımızı hökümət yolunda fəda etməyə hazırıq. General Tağıyev”.

Karikaturanı Şmerlinq çəkmişdi.

Bu karikatura Tağıyevi və onu sevənləri möhkəm hiddətləndirir. Həmin vaxt Tağıyev təkcə varlı, imkanlı neftxuda deyildi. O, həm də yerli Bakı burjuaziyası arasında böyük nüfuza və çəkiyə malik insan idi. Mesenat, əliaçıq adam olmaqdan savayı, həm də çox höcət, sözlərində kobud və kinli birisi kimi tanınırdı. Tağıyevin sərt xasiyyəti və kobud davranışı onun Nərimanovla, Ərəblinski ilə, Lütfəli bəy Behbudovla arasında olan söhbətlərdə də sezilir. Mirzəyə qulaqburması vermək üçün o, Tiflisə iki nəfər silahlı adam göndərir. Xoşbəxtlikdən Mirzənin dostları erkən duyuq düşürlər və mühərriri bu məsələdən agah edirlər. Mirzə məcbur qalıb Tiflisdəki müsəlman məhəlləsindən erməni məhəlləsinə köçür və burada iki aya qədər gizlənir. Generalın Bakıdan göndərdiyi silahlı qoçuları isə rus jandarmeriyası həbs edir.Ölüm xofu Mirzədən bərk yapışır. Ona görə də özünə “Brauninq” markalı tapança alır və bir müddət həmin silahı yanında gəzdirir.

Qayıdaq tamaşaya…

Məlum hadisənin üstündən on il vaxt keçməsinə baxmayaraq, Mirzə ilə general arasında olan ədavət buzu əriməmişdi. Odur ki, Tağıyevin yanına tamaşanın məsul müdiri Üzeyir bəy yollanır. Tağıyev çox çək-çevir edir, heç cür razılaşmaq istəmir.

See Also

Üzeyir bəy sonda generalı bu fikrə razı sala bilir. Ancaq bir şərtlə: Mirzə başqalarından fərqli olaraq, teatra ikiqat icarə pulu ödəməli olacaqdı… Üzeyir bəy Tağıyevin istəyini Mirzəyə çatdırır. Mirzənin başqa çarəsi omadığından generalın şərti ilə razılaşmalı olur.

Nəhayət, 1916-cı il aprelin 29-da “Ölülər” pyesi Tağıyevin teatrında səhnəyə qoyulur. Tamaşaya həmin dövr üçün rekord sayda – 2 500 insan gəlir. Dövrün tanınmış insanları, ədibləri və intelligentləri tamaşaçı qismində iştirak edir. Onların arasında Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev də vardı.

Tamaşanı sonacan oynamaq mümkün olmur. Hər pərdədən sonra coşub səngiməyən alqışlar və izləyicilərin israrla yazıçını səhnəyə dəvət etmələri tamaşanı tar-mar edir. Mirzə Cəlil əsəbiləşir və tamaşanı yarımçıq qoyub gedir. Beləliklə, tamaşada sonuncu pərdə oynanılmır. Sonradan Mirzə Cəlil həyat yoldaşı Həmidə xanım  Cavanşirə bu barbar hərəkəti heç bəyənmədiyindən bəhs edəcəkdi.

Tamaşaçıların xahişi ilə “Ölülər” pyesi ikinci dəfə həmin il mayın 10-da oynanılır. Pyesə biletlər Sabunçu vağzalının yanındakı mağazada və Ramana kəndxudasının mağazasında satılır. Baş rolu (Şeyx Nəsrullah) Əliqulu Nəcəfov oynayır. Ondan başqa, tamaşada zəmanəsinin istedadlı, tanınmış aktyorları iştirak edirlər. Bunlardan Sidqi Ruhullanı, Mirzağa Əliyevi, Mirzə Muxtarı qeyd etmək olar.

Bu dəfə də tamaşaçılar eyni halı təkrarlamaq istəyirlər. Ancaq quruluşçu rejissor Üzeyir Hacıbəyli birinci alqış dalğasından sonra səhnəyə çıxıb Mirzə Cəlilin xəstə olduğunu, odur ki, gələ bilmədiyini deyir və tamaşaya mane olmamağı xahiş edir.

Beləliklə, tamaşa tam pərdəli oynanılır. Əslində, bu zaman Mirzə Cəlil Həmidə xanımla birlikdə parterdə oturmuşdu. Tamaşanın sonunda Mirzə Üzeyir bəyə dərin təşşəkkürünü bildirir və səhnəyə çıxmaqla arası olmadığını söyləyir. Tamaşa şəhərdə geniş rezonansa səbəb olur. Ən əsası, həmin dövr üçün böyük məbləğdə pul yığılır. Mirzə xeyli razı qalır.

Pyesdən sonra müsəlman qadınları ədibə qadın azadlığı uğrunda apardığı mübarizəyə görə üstündə “Sübhanə rəbbiyəl əla” yazılmış cənamaz hədiyyə edirlər. Bu cənamaz indi də Nizami adına Ədəbiyyat Muzeyində saxlanılır.

General Tağıyev isə Üzeyir bəyin israrlı xahişlərinə baxmayaraq, şəxsi teatrında iki dəfə qoyulan tamaşaya gəlməkdən imtina edir.

Qeyd: Yazı hazırlanarkən “Açıq söz”, “Kaspi”, “Yeni iqbal”, “Bəsirət”, “Turmuş”, “Baku”, “Söz” qəzetlərinin 1915-1916-cı illərdəki saylarından istifadə edilib.

What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top