Now Reading
Məni heyrətləndirən bir rəsm

Məni heyrətləndirən bir rəsm

“İstiqlal uğrunda”kı  rəsm  Ələkbər  Rzaquliyevindirmi?

Mixail Qorbaçovun adı ilə bağlı olan “perestroyka” (yenidənqurma), “qlasnost” (aşkarlıq) şüarları adamların bir qismini cəsarətləndirdi. Viza almaq asanlaşdı, xarici ölkələrdən qəzet, jurnal, kitab gətirənləri ciddi sorğu-suala tutan olmadı. Bundan yararlanan Türkiyəyə gedən aydınlar mühacirlərimiz haqqında qohumlarına xəbər gətirməklə qalmadılar, onların vaxtilə nəşr etdikləri kitab, qəzet və jurnallardan nümunələr də gətirdilər.  Onlardakı yazılardan parçalar, fotolar və rəsmlər yavaş-yavaş Sovet mətbuatına yol tapdı. Qəzet-jurnallara rəhbərlik edənlər də, senzorlar da sərtliklərini qoruyub-saxlaya bilmədilər. Qorxurdular ki, onları “perestroyka” (yenidənqurma), “qlasnost” (aşkarlıq) əleyhdarlığında suçlayıb cəzalandıralar.

Belə bir dövrdə “Ulduz” jurnalında çap edilmiş bir rəsm diqqətimi çəkdi. Qolundakı qandalın qırıqlarını sağ əlində havaya qaldırıb, sol əlində Azərbaycan Cümhuriyyətinin üç rəngli, ay-ulduzlu bayrağını tutaraq inamlı addımlayan gəncin rəsminin arxa planında bayraqlar əzəmətlə dalğalanırdı. Rəsmi sənətkarlıq baxımından dəyərləndirə bilməsəm də, ideoloji baxımdan içimdən keçənləri əks etdirdiyinə görə sevirdim. Görünür, rəsmdən təsirlənən tək mən deyildim.  Jurnal və kitabların üz qabığında, iç səhifələrində, məqalələrin yanında bu rəsm tez-tez verilirdi.

“İstiqlal uğrunda” şeir məcmuəsi. 1928-ci il

“İstiqlal uğrunda” şeir toplusu

Sonralar bildim ki, rəsm ilk dəfə 1928-ci ildə İstanbulda, “İstiqlal uğrunda” şeir toplusunun üz qabığında nəşr edilib. Sovetlərin çöküşü başlayanda bu rəsm Türkiyədə də tez-tez çap olunmağa başlayır.Əmin Abidin Azərbaycanda və Türkiydə yaşayarkən yazdığı şeirləri nəşrə hazırlayanda mən də həmin rəsmi kitabda üz qabığı kimi verdim. Bu da səbəbsiz deyildi: “İstiqlal uğrunda” toplusunda şeirlərin çoxu Gültəkinin olduğu kimi, 1948-ci ildə Mirzəbala Məhəmmədzadə də Gültəkinin “Buzlu cəhənnəm” adı altında şeirlərini çap etdirəndə  həmin rəsmi kitabın qapağında vermişdi.

1999-cu ildə “Günəş” nəşriyyatında çap etdirdiyim “Gültəkin-Emin Abid. Buzlu cehennem ve diger şiirleri” kitabına yazdığım ön sözdə belə bir cümlə var: “İstər “İstiqlal  uğrunda”, istərsə “Buzlu cəhənnəm” kitabının öz qabığında müəllifini müəyyənləşdirə bilmədiyimiz rəssamın gözəl bir əsəri verilib”.

25 ildən çox idi ki, həmin rəsmin müəllifinin kim olduğunu müəyyənləşdirməyə çalışırdım.  Sən demə, istiqamətim düz olmadığından istədiyimə nail ola bilmirdim. Rəssamın kimliyini müəyyənləşdirməkdə mənə kömək etmələrini Türkiyədəki tanışlardan, Azərbaycanda milli mühacirəti öyrənən araşdırıcılardan dəfələrlə xahiş etmişdim. Axtarışlar nəticə vermirdi.

Bir gün gənc və çılğın araşdırıcı, kolleksiyaçı Dilqəm Əhməd xəbər verdi ki, rəsmin orjinalını tapıb və köhnə kitablar satılan “bukinist” mağazasından alıb. Bu, olduqca sevindirici xəbər olsa da, Dilqəm bəy ona bir üzücü xəbər də əlavə etdi: “Kartona çəkilmiş rəsmin heç bir yerində rəssamın adı yoxdur”. Necə deyərlər, Aşıq Ələsgərin: “Sındı qol-qanadım, yanıma düşdü” misralarını təkrarlamaqdan başqa bir əlacım qalmadı…

Dilqəm Əhmədlə söhbətimizdən bir ildən çox keçdi.

“Balqabaqda plov” mərasimi

Payız-qış aylarında xanımım hərdən balqabaqda plov bişirər, dostlar da gəlib deyə-gülə yeyər, hərəyə də zarafatla bir şəbədə qoşarlar. Necə deyim, balqabaqda plov bir yerə toplanmağımıza, dərdləşməyimizə bir bəhanədir. Gürcüstanda – Borçalının Keşəli kəndində yaşayan dostumuz, şair Osman Əhmədoğlunun 70 yaşı tamam olurdu.  Bir neçə ay öncə Borçalı Cəmiyyəti Beynəlxalq Mətbuat Mərkəzində bu münasibətlə yubiley mərasimi təşkil etmişdi. Dostlarla qərara almışdıq ki, ona kiçik bir məclis də biz təşkil edək.  O, tələsik Gürcüstana qayıtdığından istəyimizə çata bilməmişdik.

 2018-ci ilin dekabrın son günlərində Osman Əhmədoğlu yenə Bakıya gəldi. Planlaşdırdıq ki, onun gəlişini, 70 illik yubileyini, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını dekabrın 30-da bizim evdə balqabaqlı  plovla qeyd edək. İşi çox olanlar gələ bilmədilər.  8-10 qoca isə gəldi. Bir süfrə arxasında gənclik illərində olmuş bəzi ictimai-siyasi hadisələri yada salıb deyə-gülə günü başa vurduq.

 Osman Əhmədoğlunun kefi lap kök idi. Çünki həm 70 illik yubileyini qeyd edirdik, həm də süfrədəki xörək onun ürəyincə idi: asan çeynənir, rahat həzm olunurdu. Özünü yubilyar kimi apardığından daha çox onu dinləməyə çalışır, şeirlərinə qulaq asırdıq. Şeşə bığının ona gətirdiyi başağrısına qoşduğu şeir isə kefimizi ala buludlara qaldırdı. Hay-haraylı danışığına, söhbətinin qeyri-ciddi səslənməsinə hərdən atmacalar atsaq da, incimirdi. Əksinə, gülür və sifət cizgiləri, əl-qol hərəkəti ilə sanki “Mən sizin kimi quru, rəsmi adam deyiləm, danışığım da yazılarım kimi bədiidir, baş vermiş hadisələri bədiiləşdirib, arzularıma uyğunlaşdırıb  danışıram” deyirdi.

Qonaqlarımızdan ikisi əlidolu gəlmişdi. Əlidolu gələnlərdən bir Tahir Aydınoğlu idi. Bir torba kitab gətirmişdi. Onlardan bir neçəsi mənim oxumağım, qalanları isə milli-mənəvi mövzuda yazıları oxumağa maraqlı gənclərə bağışlamaq üçün idi.

Ələkbər Rzaquliyev

“Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika” kitabı

Qonaqaqlar gec dağıldılar. Xanımım qab-qacağı yumağı sabaha saxlamağı sevmədiyindən mətbəxə keçdi. Mən də dincəlmək üçün yerimə uzandım. Tahir Aydınoğlunun gətirdiyi torba yatağımın yanında qalmışdı. Əlimi atıb qalın cildli, ağır bir kitabı götürdüm. Adətən, yatağa uzanarkən əldə tutulması asan olan, yüngül, rahat oxunan kitablara üstünlük verirəm. Bu dəfə tərsinə oldu. “Xalq Bank”ın “Xalq əmanəti” seriyasından nəşr etdirdiyi “Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika” kitabını səhifələməyə başladım. Nədənsə, rəsmlərə baxmağa maraq göstərmədim. Kitaba yazılmış mətnə başlanğıcından deyil, ortalarından nəzər saldım. Oxuduğum ilk cümlə diqqətimi elə çəkdi ki, abzası başa vuranda durub yazı stolumun arxasına keçdim…

Ələkbər Rzaquliyevin əsərlərinin
toplandığı kitab

Gecənin bir aləmində iş stolu arxasına keçməyə səbəb kitabın 63-67-ci səhifələrindəki  aşağıdakı abzas oldu:

“Şəxsi işin materiallarından: Rzaquliyev aktiv müsavatçılar İsrafilov Nəsrulla və Əliyev Ağakərimin təsiri altında hələ 1920-ci ildə birincinin xahişi ilə  Müsavat Partiyasının sabiq lideri Məhəmmmədəmin Rəsulzadənin portretini çəkməkdə, onu İsrafilova ötürməkdə təqsirli bilinir. Bundan əlavə, İsrafilov həbs edildikdən və sürgün olunduqdan sonra onunla yazılı əlaqə saxlayıb və maddi köməklik göstərmişdir.

1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İbrahim Quliyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal “İstiqlal” jurnalı üçün başlıqlar hazırlamışdır”.

Nəsrulla İsrafilovun adı nədən əbədiləşdirilmir və fəaliyyəti gərəyincə tanıdılmır?

Nəsrulla İsrafilov haqqında az-çox bilgim var idi. 1920-ci illərin gizli antisovet təşkilatlarından söz düşəndə onun adı da tez-tez xatırlanır. Heyf ki, vətən və millət yolunda hər əzaba qatlaşan bu cəfakeş insanın xidmətləri indiyədək layiqincə  dəyərləndirilməyib. 1904-cü ildə Buzovnada doğulan Nəsrulla İsrafilov gimnaziyanı bitirib, 1923-cü ildə “Gənc işçi” qəzetinə məsul katib təyin edilib. O, 1923-cü il oktyabrın 5-də Cəfər Cabbarlı, Əbdülvahab Yurdsevər, Ağasəlim Rəhimov və başqaları ilə birlikdə həbs olunur.  Onu Şimal Buzlu okeanın Ağ dənizdəki Solovki adalarındakı həbsxanaya göndərirlər. Həbs müddəti bitsə də, onu azad etmirlər. Dəfələrlə müddətini uzadırlar. İstanbulda mühacirlərimizin 1930-1931-ci illərdə nəşr etdikləri “Bildiriş” adlı qəzetdə B.E.Ağaoğlunun “Solovkidə gördüklərim” adlı xatirəsi çap olunub. Həmin xatirələri toplayıb 2004-cü ildə “Günəş” nəşriyyatında çap etdirdim ki, xalqımız öz qəhrəman övladlarını tanısın. Tirajı az olduğundan, ya da mən yaxşı təbliğ edə bilmədiyimdən, saytlarda yerləşdirsək də, oxucusu az oldu.

B.E.Ağaoğlu “Solovkidə gördüklərim” kitabında Nəsrulla İsrafilov haqqında nələr yazır?

“Solovkidə gördüklərim” kitabından Nəsrulla İsrafilovun adı keçən parçaları xatırladıram ki, gənclərimiz oxuyub vətənin əqidəsindən dönməyən oğullarını tanısınlar:“1923-cü ildə bu gəncliyin ilk qrupu “ÇeKa”da (sonralar KQB-yə çevrildi – Ə.Ş.) ilk imtahanı verirdi. Təşkilat kəşf olunmuş (aşkarlanmış) və aşağıdakı arxadaşlar tutulmuşdu:

1. Əbdülvahab (tələbə), 2. Rəhim (tələbə), 3. Məhməd Sadıq Hülusi (tələbə), 4. Nəsrullah (tələbə), 5. Ağa Kərim (tələbə), 6. Qurban (tələbə), 7. Əbdürrəhman Dai (gənc şair), 8. Salman (tələbə), 9. Ağa Səlim (zabit), 10. Əli Həsən (mürəttib), 11.Məşədi (mürəttib), 12. Hacı Baba və b.

1923-cü ildə buraxılanları bir aydan sonra yenidən həbs etdilər. Bu dəfə Müsavat Firqəsinin gizli mətbəəsi və o mətbəədə çap olunan “İstiqlal” qəzetindən xəbər tutdular, həbs olunanların sayı artdı. Tarixdə misli görünməmiş vəhşət və işgəncə bu qəhrəman arxadaşları 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur etdi. Nəhayət, bir ildən sonra onların bir qismini Rusiya zindanlarına, böyük bir qismini isə Şimalın Buzlu dənizində olan Solovkiyə sürgün etdilər. Birinci karvana daxil olan: 1. Nəsrullah İsrafilzadə; 2. Ağakərim Əlizadə; 3. Ağasəlim; 4. Şair Əbdürrəhman Dai; 5. Əlihəsən Babazadə; 6. Ağaməhəmməd İbrahimli kimi qardaşlarımız Şimal dənizində duran Solovki adasındakı qərargahda idilər.

(1930, 14 Ağustos, sayı 2)

1927 Nisanında Moskvadan gələn bir əmr üzərinə birinci qrup “sərbəst” buraxılmışdı. Bu qrupun ən yüksəkdən gedən şəxsiyyəti olan Nəsrullah İsrafilzadə və Əbdülrəhman Dai məvkufən (həbsxanada saxlanmaq şərtilə) Ural mənfa qərargahına sövq edildilər. Onlar orada üç il yaşayacaqlardı. Digərləri Sovetlər daxilində, istədikləri yerdə yaşamaq haqqına haiz (sahib olmaq) olmaq üzərə sərbəst buraxılmışdılar. Yalnız Azərbaycan dövlət mətbəəsi baş mürəttibi Babazadə Əlihəsən üç il Azərbaycanda yaşamaq şərtilə sərbəst buraxılmışdı.

(1930, 2 Teşrini Əvvəl(Oktyabr), sayı 9.)

Ələkbər Rzaquliyevin 1928-ci il ittihamnaməsi

1928-ci ildə verilmiş ittihamnamədə yazılır ki, Ələkbər Rzaquliyev “Müsavat Partiyasının qeyri-leqal “İstiqlal” jurnalı üçün başlıqlar hazırlamışdır”. Yaxın dövr tariximizin araşdırmalarından, eləcə də, “Solovkidə gördüklərim” xatirələrindən bəlli olur ki, “İstiqlal” jurnal deyil, qəzetdir. 1922-1923-cü illərdə 19 sayı işıq üzü görüb və gizli yayılıb. Təşkilatçılar həbs edilib, dindiriləndə qəzetdə “Ələkbər Rzaquliyevin adı çəkilmir. Kommunist Partiyasına yeni üzv qəbul edilən, Sovetlərə inamı sarsılmayan rəssamın “özlərini Milli İstiqlal, Milli Müqavimət hərəkatı da adlandıran”ların gizli qəzetlərinə sinkdə klişe hazırlaması bir az inandırıcı görünmür.

Bəs onda rəssam hansı “İstiqlal” jurnalı üçün sinkdə klişelər hazırlamış ola bilər? Bu suala cavab üçün həmin illərdə istər Azərbaycanda, istərsə xaricdə mühacirlərimizin nəşr etdirdikləri qəzet və jurnalları bir daha gözdən keçirdim. İttihamnaməyə bir də baxdım. İttihamnamədə yazılıb:

“1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını  və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İbrahim Quliyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal “İstiqlal” jurnalı üçün başlıqlar hazırlamışdır”.

Demək, söhbət 1927-ci ildən gedir. Ondan bir il sonra mühacirlərimiz İstanbuldakı Orxaniyyə mətbəəsində “İstiqlal” jurnalını deyil, “İstiqlal uğrunda” adlı şeir toplusunu nəşr ediblər. Onun üçün illüstrasiyanın və klişelərin Moskvada yaşayan gənc rəssama hazırladılması da mümkünsüz görünmür. Bir halda ki o, Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini oxuyur, demək, dünyagörüşündə də bir dəyişiklik baş verib: həbsdə olan millətçilərə yardım edib, qadağan olunmuş ədəbiyyatlar oxuyub… 

 “Gültekin-Emin Abid. Buzlu cehennem” kitabına (“Günəş” nəşriyyatı, 1999) yazdığım ön sözdə “İstiqlal uğrunda” şeir toplusunda Gültəkinin 20, Əhməd Cavadın doqquz, Sənanın altı, Azəriza­dənin iki, Məsud Səfvətin iki, Əli Yusifin, İsmayıl Zühdünün, Usta Əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin bir şeiri verildiyini, iki şeirin altına “… xanım”,  bir şerin altına “b” imzası, üç şeirin altına isə üç nöqtə və ya * * * işarəsi qoyulduğunu yazmışdım.

Sual yarana bilər ki, Ələkbər Rzaquliyev sink üzərində hazırladığı başlıqları o dövrün imkanları daxilində İstanbula necə göndərə bilib? Bu suala dəqiq cavab tapa bilməsəm də, məntiqlə cavab vermək olar. İstintaqdan aydın olur ki, 1927-ci ildə Məhəmmədəmin Rəsulzadənin  kitabları və Müsavat Partiyasının bəyannaməsi hansı yolla gənc rəssama gəlirmiş. Demək, həmin yolla da İstanbula materiallar göndərmək mümkün imiş.

Ələkbər Rzaquliyevin övladları “Atamız Azərbaycanın ilk komsomolçularından olub, 1922-ci ildə Kommunist Partiyasına üzv qəbul edilib, partiya işində yaxından iştirak edib, onu nahaqdan tutublar”, – deyirlər.  İstintaq materialları, arxiv sənədləri, Sovetlərin çöküşündən sonra çap olunanlar, efirdə səsləndirilənlər isə onu göstərir ki, sosialistlərin bir çoxu, bolşeviklərin təbliğatına aldandıqlarını görənlər müxalifətə çevriliblər.

Necə deyərlər, hakimiyyəti dəyişmək, ədalətli bir hökumət qurmaq üçün gizli təşkilatlar yaradıblar. İstintaq sənədləri də onu göstərir ki, Ələkbər Rzaquliyev Kommunist Partiyasının üzvü olsa da, haqsızlıqlardan bezərək, gizli təşkilatlarla əməkdaşlıq etməyə başlayıb.

“Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika” kitabına Şirin Y.Məlikova sənədlər əsasında olduqca dəyərli  mətn yazıb. Bu yazını oxuduqca ona ürəyimdə azı yüz dəfə “afərin” dedim. Sonra da əlavə bilgi toplamaq üçün internetdə axtarış verdim. Ələkbər Rzaquliyevlə bağlı məqalələrin əksəriyyəti 2018-ci ilin payızında  “Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika” kitabının çap və təqdimetmə mərasimi günlərində nəşr edilib. Bir-birinə çox bənzər olan bu yazıların müəllifləri xatirələrdən istifadə etməyə üstünlük veriblər.

Ələkbər Rzaquliyev və  Ruhulla Axundov

Bu yazılardan doqquz il öncə, yəni 2009-cu il sentyabrın 26-da “525-ci qəzet” Çingiz Kərimovun “Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası” adlı məqaləsini yayımlayıb. Yazı rəssamı tanıtmaq və sevdirmək baxımından diqqətçəkəndir. Şirin və oxunaqlı yazılıb. Orada deyilir:

“Birinci sürgündən qayıdandan sonra Ələkbər Bakıda təsadüfən bolşeviklərin lideri Ruhulla Axundovla üz-üzə gəldi. Onun bu tezliklə qayıtdığına təəccüblənib, təzədən göstəriş verdi ki, onu sürgünə göndərsinlər. Bu dəfə Ələkbəri həbs edib soyuq Şimala, Solovkiyə yola saldılar”.

Rəssamın istintaq sənədləri ilə yaxından tanış olan və ömür yolunu diqqətlə öyrənən Şirin Məlikova isə yazır:

“Ə.Rzaquliyevi istedadlı və gələcəyi olan kommunist kimi Ali Bədii Texniki Emalatxanada (VXUTEMAS) təhsilini davam etdirmək üçün Moskvaya göndərirlər.

Novinski bulvarında kirayələdiyi kiçicik otağında … həmkarı, məktəb yoldaşı və həmyerlisi İbrahim Quliyevin hazırladığı büstü qoymuşdu. Otağın ən görkəmli yerində isə dostları Nazim Hikmətin və Mikayıl Rəfilinin portretləri asılmışdı. O illərdə siyasi xadim Ruhulla Axundov da tez-tez Ələkbərin qonağı olurdu. Rəssamın əsərlərinin gənclər sərgisində nümayiş olunduğunu bilən Ruhulla Axundov onunla görüşür və vernisaja baş çəkərək əsərləri haqda təəssüratlarını bölüşür. O, Rzaquliyevə maddi dəstək göstərir…”

Gənc rəssam Moskvada yaşadığı illərdə həm yaradıcılıq, həm də ideya-siyasi axtarışlarda olub. O, Nazim Hikmətlə dostluq etməklə yanaşı, məşhur fransız yazıçısı Anri Barbüs və meksikalı rəssam Dieqo Rivera ilə də tanış olub.

1928-ci ildə Moskvada gənc rəssamların sərgisi açılıb. Ələkbər Rzaquliyevin bir neçə əsəri sərgidə nümayiş etdirilib. “Axundov ona Bakıda sərgi keçirməyi və yerli tələbələri ora cəlb etməyi təklif edir. Rəssam bu təklifi həvəslə qəbul edir”. Bu sətirlərin müəllifi Şirin Məlikova istintaq sənədləri əsasında məqalə yazmaqla kifayətlənməyib, Ələkbər Rzaquliyevin Ruhulla Axundov haqqında rus dilində yazdığı xatirəsinin bir səhifəsinin fotosurətini də kitabda çap etdirib.

See Also

1928-ci il iyulun 29-da Bakıda Azərbaycanın gənc rəssamlarının ilk sərgisi açılıb. Orada Ələkbər Rzaquliyevin də bir neçə rənkgarlıq və qrafika əsəri təqdim olunub. Bir gün sonra isə gənc rəssamı həbs ediblər.

Ruhulla Axundov hakimiyyət uğrunda qruplaşmalarda

Azərbaycan Kommunist Partiyasının ikinci, sonra isə birinci katibi olan Ruhulla Axundov 1926-cı ildə vəzifədən uzaqlaşdırılır və yerinə Levon Mirzoyan gətirilir. Ruhulla Axundov qrupdaşlarının köməyilə Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə gətirilir. 1927-1930-cu illərdə bu vəzifədə işləyir.

O dövrdə mədəniyyət məsələləri də Xalq Maarif Komissarlığının tərkibində idi. Ruhulla Axundovun gənc rəssam Ələkbəri Bakıda keçiriləcək sərgiyə gətirməsi təbii və normal idi. Ruhulla Axundovun Ələkbər Rzaquliyevin Nəsrulla İsrafilov və Ağakərim Əliyevlə dostluğundan, xaricdəki müsavatçı mühacirlərlə əlaqəsindən xəbəri olsaydı, onu heç Bakıya sərgiyə dəvət etməzdi. Bu iş KQB müstəntiqlərinə də, görünür, İbrahim Quliyevin həbsindən sonra məlum olmuşdur.

1928-ci il iyunun 30-da həbs olunan Ələkbər Rzaquliyev uzun istintaqdan sonra beş illiyə  Xüsusi Təyinatlı Solovki Düşərgəsinə (SLON) göndərilir. 1933-cü ildə sürgün müddəti bitdikdən sonra  Bakıya qayıda bilir. Gənc rəssam sürgündə olduğu dövrdə Ruhulla Axundovun da həyatı siyasi mübarizənin burulğanlarında keçir.

1930-cu il avqustun 5-də Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi “Azərbaycan məsələləri haqqında” ikinci qərar qəbul edir. Qərara əsasən, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi N.Gikalo yarıtmaz işinə görə vəzifədən uzaqlaşdırılır. Yerinə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının (ÜİHİMŞ) ikinci katibi V.Polonski təyin edilir. O, Bakıya gələn kimi N.Gikalonu və Ə.Qarayev, N.Ağaverdiyev, L.Mirzoyan üçlüyünün fəaliyyətini pisləyir, Ruhulla Axundovun isə respublikadan uzaqlaşdırılaraq Zaqafqaziya Ölkə Komitəsi Mərkəzi Komitəsinin katibliyinə göndərilməsinə nail olur.

“Sırtsov və Lominadzenin antipartiya qrupu”nun üzvü kimi ifşa olunaraq” vəzifədən uzaqlaşdırılan Ruhulla Axundov 1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə göndərilir. Bu zaman onun Ələkbər Rzaquliyevi yenidən sürgünə göndərə biləcək bir hökmü qalmamışdı. O, rəqiblərini nüfuzdan salaraq yenidən hakimiyyətə gəlmək üçün gizli fəaliyyət göstərən müxaliflərlə əməkdaşlıq etməyə can atırdı.

“Buzlu cəhənnəm” kitabı. 1948-ci il

Sürgündən azad edilmə və təkrar həbs olunma

1933-cü ildə Ələkbər Rzaquliyevə Arxangelsk şəhərində yaşamağa icazə verilir. O, burada Su Nəqliyyatı İşçilərinin Mərkəzi Klubunda rəssam işləməyə başlayır. Sürgün müddəti başa çatan Ələkbər Rzaquliyev üç il də orada qalır (1937-ci ildəki ittihamnaməsindən aydın olur ki, 1933-1936-cı illərdə o həbs və ya sürgün cəzası almayıb. Bəlkə də, Bakıya döndükdə iş tapa bilmədiyindən və ya hansısa səbəbdən təkrar geri dönüb).

Rəssam 1936-cı ildə Azərbaycana qayıdanda Kirovabad (Gəncə) Dövlət Teatrında işləməyə göndərilir. Ruhulla Axundov isə 1936-cı ildə “trotskiçilikdə və müsavatçılıqda” ittiham olunurdu. “Əksinqilabi üsyançı, terrorçu mərkəzin” üzvü kimi  həbs olunaraq 21 aprel 1938-ci ildə güllələnir. Bu baxımdan, Ruhulla Axundovun 1936-cı ilədək Ələkbər Rzaquliyevi yenidən həbs etdirməsi və sürgünə göndərməsi inandırıcı görünmür.

Çingiz Kərimov rəssamın qızı Ədilə xanımın xatırladıqlarını belə təqdim edir:

“Bir dəfə evdə atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı: “O illər üçün, o sözlər üçün məni bağışla!” Amma atam ona cavab verməyib, üzünü çevirdi”.

Buradan aydın olur ki, söhbət rəssamın 1937-ci ildəki həbsindən gedir. İstintaq sənədləri ilə tanış olmadığımızdan soyadını müəyyənləşdirə bilmədiyimiz Bəhramın rəssamın üzünə durması, onu həbs etdirməsi haqqında bir söz deyə bilmirik. İstintaq sənədləri ilə yaxından tanış olan Şirin Məlikova isə yazır:

“1937-ci ildə Rzaquliyev yenidən  həbs edilir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı “üçlüyü”nün 3 noyabr 1937-ci il tarixli, 24 saylı protokolundan: “1928-ci ildə müsavatçı olduğu üçün beş il müddətinə həbs olunmuşdur. Sürgündən qayıtdıqdan sonra Sovet hakimiyyətinə qarşı əksinqilabi faəliyyətini davam etdirməkdə ittiham olunur. Sürgündən Kirovabad şəhərinə qayıdıb orada keçmiş müsavatçılarla əlaqəsini bərpa etmişdir. Dövlət teatrında işləyən aktyorlar arasında Sovet hakimiyyətindən narazı olduğunu göstərmişdir. Yeni konstitusiyanın, eləcə də, kolxozçuların ünvanına böhtanlar yağdırmaqla məşğul olub… On il müddətinə islah əmək düşərgəsinə göndərilsin, siyasi hüquqları beş il müddətinə ləğv edilsin”.

Ələkbər Rzaquliyev Varkuta-Peçora İslah Əmək Düşərgəsində olarkən kömür istehsalında, şaxta, dəmiryol tikintisində işlədilir. 1944-cü il iyulun 10-da rəssam Komi MSSR Kojva rayonu  Abez qəsəbəsinə, Kojva-Vorkuta yolunun tikintisinə göndərilir. Rəssamlıqla məşğul ola bilməyən Ələkbər Rzaquliyev yol tikintisində yaxşı işlədiyinə görə 1944-cü il fevralın 12-də ona “istehsalatdakı əla göstəricilərinə, yüksək intizamına, vəzifələrinə məsuliyyətlə yanaşmasına görə” ən yaxşı inşaatçı kimi fəxri fərman da verilir.

Ələkbər Rzaquliyev 1947-ci ildə həbs müddəti başa çatandan sonra Azərbaycana qayıdır. Bu dəfə isə onu bədii dərnək rəhbəri kimi Şəkiyə işləməyə göndərirlər. Həbs və sürgünlər bununla da başa çatmır. Rəssam 1949-cu ildə təkrar həbs edilərək Krasnoyarsk Diyarındakı Abansk rayonunun Beryozovka kəndinə sürgün edilir.

“Ulduz” jurnalı. 1990-cı il

Üçüncü həbsdən sonrakı azadlıq və dinc yaradıcılıq

1953-cü ildə Stalinin ölümündən sonra ölkədə böyük amnistiya həyata keçirilir. Bir milyona yaxın insan həbsdən və sürgündən azad edilir. Ələkbər Rzaquliyevin də işinə yenidən baxılır. 1928-ci ildə istintaq ittihamının müttəhimin ziddiyyətli ifadələrinə əsaslandığı, dindirmənin qanundankənar üsullarla keçirildiyi, müttəhimin protokolu imzalamaqdan imtina etdiyi müəyyənləşdirilir. Buna əsaslanaraq, Ələkbər Rzaquliyevin sonraki ittihamları da qanunsuz sayılır və ona bəraət verilir.

1903-cü ildə İçərişəhərdə doğulan,  ilk təhsilini mollaxana adlandırılan məhəllə məktəbində alan, bir müddət Rusiya Teleqraf Agentliyinin (ROSTA) Qafqaz Diyar Şöbəsində işləyən və Ali Bədii Texniki Emalatxanada (VXUTEMAS) oxuyan, 1928-ci ildən 1953-cü ilədək vətəndən uzaqlarda həbsxana və sürgün həyatı yaşayan Ələkbər Rzaquliyev Bakıya döndükdən sonra Sov.İKP sıralarına bərpa edilir, SSRİ Rəssamlar İttifaqına üzv seçilir. Rəssam mənzil və emalatxana ilə təmin edilir, sağlamlığını bərpa etmək üçün kurort və sanatoriyalara göndərilir.

1963-cü ildə Bakıda, 1966-cı ildə Moskvada fərdi sərgiləri təşkil edilən Ələkbər Rzaquliyevə   1964-cü ildə “Azərbaycan SSR Əməkdar Rəssamı” fəxri adı, 1967-ci ildə “Şərəf nişanı” ordeni verilir. Əsərləri Moskvada (A.S.Puşkin, Şərq Xalqları İncəsənəti Muzeyi), Sankt-Peterburqda (Ermitaj), eləcə də, R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Yanvarın 31-də doğulan rəssam 1974-cü ildə doğulduğu gün Bakıda dünyasını dəyişir.

Ələkbər Rzaquliyevi  tələbəlik illərində  bir neçə dəfə görmüşdüm. Bu, o zamanlar idi ki, Əmin Abidin ömür yoluna dair bilgilər əldə etmək üçün 1937-ci ildə həbs edilənləri axtarıb tapır, onlarla söhbətlər edirdim. Lakin o zaman nə Ələkbər Rzaquliyevin repressiya olunduğundan xəbərim vardı, nə də “İstiqlal uğrunda” kitabında Əmin Abidin “Gültekin” imzası ilə şeirlərinin çap olunduğundan.

“İstiqlalçı gənc” portretinin orijinalı

  ““İstiqlal uğrunda” kitabı üzərindəki rəsm olmasaydı, onun ömür yolunu da, bəlkə, belə əhatəli izləməyəcəkdim. Araşdırmalardan sonra bu qənaətə gəldim ki, toplunun tərtibçiləri Azərbaycanda yaşayan və təhlükə altında olan rəssamın və şeirlərin müəlliflərinin adlarını açıq verməyiblər. Rəssam Türkiyədə yaşasaydı, yəqin ki, onun müəllif hüququna sayqı ilə yanaşar və adını, soyadını verərdilər. Bu qənaətdəyəm ki, istiqlalçı Azərbaycan gəncinin tablosunu yaradan Ələkbər Rzaquliyevdir. Hətta həmin rəsmin müəllifi olmasa belə başı müsibətlər çəkmiş, yaradıcılığında milli-mənəvi dəyərlərimizi geniş əks etdirmiş bu müsavatçı rəssamı gənc nəslə qədərincə tanıtmaq və sevdirmək lazımdır.

Ələkbər Rzaquliyevin bir əsəri
What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top