Now Reading
Qafqaz İslam Ordusu: missiyası və tarixi əhəmiyyəti – II HİSSƏ

Qafqaz İslam Ordusu: missiyası və tarixi əhəmiyyəti – II HİSSƏ

Əvvəli

Bakını azad etmədən Qafqaz İslam Ordusunun nə Qarabağ, nə də Dağıstan yürüşü reallaşa bilməzdi. Azərbaycan hökuməti bütün qüvvələrini Bakının azad edilməsi üçün səfərbər etmişdi. Azərbaycan hərbi hissələri Qafqaz İslam Ordusunun tərkibində Bakı uğrunda döyüşürdü. Azərbaycan hökuməti respublikanın ərazi bütövlüyünü təmin etmək üçün başqa bir hərbi əməliyyat keçirmək iqtidarında deyildi. Məhz Bakının azad olunması Azərbaycan dövlətinin taleyini həll edirdi. Azərbaycanın müqəddəratı Bakı uğrunda mübarizənin nəticəsindən asılı idi.
Belə ki, hələ mayın sonu üçün Nuru paşanın Vehib paşaya göndərdiyi məlumatda bildirilirdi ki, «bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamilə ələ keçirmək üzrədirlər. Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı şəhəri tezliklə azad olunmazsa, ölkədə vəziyyət daha təhlükəli bir hal alacaqdır». Nəzərə alınsa ki, Bakı quberniyası bolşeviklərin hakimiyyəti altında idi və Dağıstanla Şimali Qafqazı da tam ələ keçirsə idilər, deməli 1918-ci ilin iyunu üçün bütün Qafqaza sahiblənə bilərdilər. Eyni zamanda ermənilər istər bolşevik, istərsə daşnak statusunda tam sərbəst fəaliyyət sahibi idilər, Qafqaz müsəlmanlarının fiziki mövcudluğu zərbə altında qalmaqda davam edirdi. QİO çevik hərəkətə keçməsəydi Sovet Rusiyası Qafqazda 1920-21-ci ildə deyil,1918-ci ilin yayında bərqərar ola bilərdi. Bu 2 illik fasilə Rusiya sovet hakimiyyəti üçün enerji mənbəyindən, zəngin sərvətlərdən, strateji mövqedən müvəqqəti məhrumiyyət idisə, Qafqaz dövlətləri, xüsusən Azərbaycan və Gürcüstan respublikaları üçün beynəlxalq status qazanmaq imkanı oldu. Erməni xalqı əsrlərlə öncə itirdiyi dövlətçiliyinə düşməni bildiyi Osmanlı dövləti sayəsində, özü də köçürülüb yerləşdirildiyi Azərbaycan torpaqlarında nail oldu. Cənubi Qafqaz respublikalarının de-fakto mövcudluğu onların sonrakı siyasi və beynəlxalq statuslarını müəyyənləşdirdi. QİO-nun Bakı hərəkatına yalnız şəhərin yenidən yerli sahiblərinə – azərbaycanlılara qaytarılması, Azərbaycan Cümhuriyyətinin paytaxtı olması səviyyəsində məhdud qiymət verilməməlidir. Bu nəticə zəncirvari bir prosesin əsasını qoydu: Bakı Xalq Komissarları Sovetinin, yəni Sovet Rusiyasını təmsil edən Bakı bolşevik hakimiyyətinin süqutu, Azərbaycan dövlətinin dayaqlanması, Qarabağ torpaqlarında Azərbaycan hakimiyyətinin bərqərar olması, Dağıstanda dövlət idarəçiliyinin yerli xalqların əlində cəmləşməsi və Rusiyanın Cənubi Qafqaza müdaxiləsinə sipər çəkilməsi, nəticədə Cənubi Qafqaz respublikalarının şimaldan bolşevik təcavüzündən təhlükəsizliyinin təmin olunması. Hələ bu nəticələri əldə etməmiş və bu barədə həmin vaxt düşünməsi belə mümkün olmayan Azərbaycan xalqı QİO-nun gəlişini artıq qurtuluş aktı kimi qarşılayırdı: «Gəncə dəmir yolu vağzal meydanında möhtəşəm qarşılanmanın sevinci və həyəcanı alayımızı sanki sərxoş etmişdi… 100 ildən bəri əsarət altında qalmağa məhkum olmuş dil qardaşlarımız hürriyyət və istiqlaliyyətə qovuşmalarının hədsiz sevincini yaşadıqları bir bayram günü idi o gün».


QİO-nun bir xilaskar kimi qarşılanması coşqu və təntənə ilə müşayiət olunurdusa, sentyabrın 15-i – Bakının azad olunması sevincini Azərbaycan xalqının necə yaşadığını təsəvvür etmək olar. Amma sentyabrın 15-nə gedən, əzmkarlıq, fədakarlıq tələb edən gərgin, məsuliyyətli, ağır, çətinliklərlə dolu bir döyüş yolu qarşıda idi. İlk öncə xeyli silah-sursata malik Gəncə ermənilərinin silahlarının toplanmasına başlandı. Eyni zamanda Almaniyanın himayəsi və təşviqi ilə Gürcüstan tərəfindən Azərbaycan ərazilərinə hərbi müdaxilənin qarşısı alındı. Təhlükə doğuran istiqamətlərdə həmlələri dəf etməmiş Bakıya doğru hərəkət uğur qazana bilməzdi. Osmanlı dövlətinin siyasi və hərbi rəhbərliyi QİO-nun fəaliyyət şəraitini, imkanlarını, planlarını davamlı diqqətdə saxlayırdı. Müvafiq tapşırıqlar verilirdi. Şərq Ordular qrupunun komandanı Vehib paşa bölgədəki vəziyyətlə şərtlənən tapşırıqlar verirdi: «Azərbaycan ərazisində Osmanlı ordusundan başqa digər bir ordu ola bilməz» yaxud «Qazax və Zaqatala Azərbaycana aiddir. Əgər bu ərazilərə kənar silahlı qüvvə daxil olarsa, onlara silahla da cavab verin və Azərbaycan ərazilərindən çıxarın». Azərbaycanın Gürcüstanla sərhədlərinin təhlükəsizliyinə nail olduqdan sonra QİO Bakı istiqamətində hərəkətə başlamışdı.
Qaraməryəm, Kürdəmir, Göyçay, Şamaxı döyüşlərindən sonra avqust ayında Bakı uğrunda mübarizə yeni mərhələyə daxil oldu. İngilis hərbi qüvvələrinin Bakıya gəlməsi QİO-na qarşı düşmən cəbhəsini gücləndirdi. Digər tərəfdən isə Almaniya-Rusiya sövdələşməsi ilə diplomatik təzyiqlər artırdı. Bakı üzərinə birinci hücum uğursuz olsa da, 36 saat davam edən ikinci hücum nəticəsində QİO qələbə çaldı. Bakı uğrunda savaş gərgin diplomatik mübarizə ilə paralel gedirdi.
Osmanlı dövləti həm hərbi, həm də diplomatik yolla Almaniyanın Qafqaz bölgəsində – Xəzər hövzəsində geniş fəaliyyət göstərmək səylərini xeyli məhdudlaşdırdı. İngiltərə və Rusiya Bakının itkisi səbəbi ilə öz maraqları baxımından məğlub durumunda idilər. İstər bolşevik hakimiyyəti altında, istərsə ingilislərin əlində olduğu dövrdə Bakıda ermənilərin müsəlmanlara qarşı təcavüzü davam etmişdir. QİO Bakıya daxil olarkən görülən ilk işlərdən biri ermənilər tərəfindən qətlə yetirilmiş müsəlman əhalinin cəsədlərinin küçələrdən yığılaraq basdırılması olmuşdur. Bu barədə Xəlil paşa xatirələrində yazmışdır: «İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilis işğalı altında olan Bakıda ermənilərin yerli əhaliyə qarşı etdikləri vəhşilikdir».
Aylarla davam edən erməni zülmünə QİO 3 ay yarım müddətində çətin şərtlər daxilində apardığı əzmkar savaşdan sonra son qoya bildi. Bu qələbə Osmanlı və Azərbaycan hərbçilərinin rəsmi əməkdaşlığının türk tarixində şanlı səhifəsi idi.

15 sentyabr 1918-ci il Azərbaycanın təkcə öz paytaxtına deyil, həqiqi istiqlaliyyətinə qovuşduğu gün olmuşdur. Bakını Azərbaycandan ayırmaq cəhdi 100 il öncə də olubdur, sovetlər dönəmində də səylər edilibdir. Diplomatiyanın həll edə bilmədiyi «Bakı məsələsi»ni QİO əzmkarlığı ilə gerçəkləşdirdi. Almaniya ilə Sovet Rusiyasının Bakı üzərindəki sövdələşməsini alt-üst etdi. Sənəd siyasi-diplomatik, beynəlxalq dövriyyəyə girmədən işləməz hala gəldi. Bu sövdələşmədən xəbər tutan M.-Ə.Rəsulzadə yeganə çıxış yolunu cümhuriyyətin xarici işlər naziri M.-H.Hacınskiyə xüsusi məktubunda qəti məzmunda ifadə etmişdir: «Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır». «Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq» mesajını versə də M.-Ə.Rəsulzadə «Mərkəz» bloku, həmçinin bitərəf dövlətlərin səfirliklərinə Azərbaycan sülh heyətinin sədri kimi nota göndərmişdir. Nota İstanbul qəzetlərində dərc edilmişdir. «Bakı məsələsi» ilə bağlı İstanbulda nəşr edilən «Tərcümani-həqiqət» qəzeti M.-Ə.Rəsulzadədən «Bəyanat» istəmişdir. Həmin bəyanatı, Bakı azad olunduqdan sonra belə əhəmiyyətinə görə «Azərbaycan» qəzeti də nəşr etmişdir: «Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir… Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır… Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur». Bakının qurtuluşu xəbərini İstanbulda alan M.-Ə.Rəsulzadə hökumət başçısı F.x.Xoyskiyə təbrik teleqramı göndərmişdi: «Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmim təbrik ilə Bakının yeni türk ellərini istixlas üçün sarsılmaz bir qəleyi-mətin olması ümidi ilə bütün arkadaşlarımla öpüşürsünüz». Noyabrın 7-də Bakıya dönən M.-Ə.Rəsulzadə Bakının Azərbaycana bağlılığı tarixini qələmə alaraq «Azərbaycan paytaxtı» başlıqlı məqalə ilə «Azərbaycan» qəzetinin 5 sayında çıxış etmişdir. Məqalənin sonuncu hissəsi Cümhuriyyətin bir illik yubileyi ilə əlaqədar 1919-cu il mayın 28-də işıq üzü görmüş, «İstiqlal» məcmuəsində dərc edilmişdir: «Bakıyı qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyə dövlətinə müraciət eləmiş, igid qardaşlarımız vaxtında yetişərək Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşaların komandasında olaraq 1918 sənəsi sentyabr ayının 15-də qanlı bir müsadimədən sonra Bakı təkrar əsl sahibi olan Azərbaycan türklərinin əlinə keçmişdir. Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür… Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşlərilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!».


QİO hər bir zabitin, hər bir əsgərin hünəri hesabına qələbə qazandı. Amma ordu komandanı Nuru paşa isə Azərbaycan xalqının yaddaşında əfsanələşdi. Şəninə qurbanlar kəsilən, şeirlər qoşulan gənc Nuru paşa Bakıya qalib, qəhrəman, xilaskar kimi daxil oldu. Nuru paşanın şərəfinə ziyafətlər düzənləndi. M.-Ə.Rəsulzadə həmin ziyafətdə Nuru paşaya xitabən geniş nitq söylədi: «… maddətən qələbəyi-daimi qazanmış olduğumuz – nəuzu billah – müvəqqəti olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nemətlərdəndir. Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq. Topraqlarımız əsrlərdən bəri yekdigərini qaib etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi. O böyük fikrin yıldızı doğdu. Dan yeri ağardı… Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizi məşəli-hürriyyət gətirən və ən çətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir Nuru da (Nuru paşayı göstərərək) iştə bizimlə bərabər! Yaşasın əməl yolunda fədayi-can edən türk ordu və zabitanı, yaşasın böyük Turan!».

See Also


Düz bir il sonra, 1919-cu il sentyabrın 15-də «Bakı bir böyük gün daha keçirdi». «Xəlqimiz, türk nəslinə məxsus bir mətanətlə günün sevincilə bərabər dərin bir ciddiyyət və həzin bir təsəlliyyət günü olduğunu pək əla dərk eləmişdi. Bugünkü bayramını millət daşqın bir çocuq kibi degil, mütəfəkkir bir fərdiyalığ kibi tutdu. …Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət və istiqlal toxumu saçan bir amal olduğu məlumdur. Fəqət imdi anlıyoruz ki, bir alay əskərin milli nəğmələrlə ötərək bir dəfəlik keçişi mətbuatın on sənəlik propaqanından – əhali üzərinə – daha böyük bir təsir buraxır».
Qurtuluş günü kimi sentyabrın 15-i Azərbaycan istiqlal hərəkatının tarixinə yazıldı: «Bu etibarla dəxi eylülün 15-i qurtuluş günüdür». Qurtuluş şəhidlərinin xatirəsinə ehtiramla 1919-cu il sentyabrın 15-də Azərbaycan ordusunun rəsmi keçidi oldu. Eyni zamanda «qurtuluş abidəsi»nin bünövrəsi qoyuldu. Amma Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı həmin abidənin tamamlanmasına imkan vermədi. Abidə qoyulmuş olsa idi, belə, bolşevik hakimiyyətinin birmənalı olaraq tarixdən silmək istədiyi ilk milli izlərdən olacaqdı.

Türk şühəda türbəsi

What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top