Now Reading
Qori Müəllimlər Seminariyasında

Qori Müəllimlər Seminariyasında

1899-cu il avqustun son günlərində Tiflis quberniyasının kiçik qəza şəhəri Qoridə, böyük ikimərtəbəli evin geniş həyətində böyük canlanma vardı. 14-16 yaşlı uşaqların hay-küylü dəstəsi gah bir yerə toplaşır, gah da ayrı-ayrı qruplara bölünərək nə haqda isə qızğın söhbət edirdilər. Hər tərəfdən müxtəlif dillərdə sözlər eşidilirdi.  Oğlanlardan bəzisi şagird formasında, bəzisi də milli geyimdə idi. Əyinlərinə çuxa geyinmiş, başlarına motal papaq qoymuş bir neçə oğlan öz aralarında nə barədə isə danışırdı. Çərkəzi paltar geyinmiş, hündür papaqlarını qaşlarının üstünə çəkmiş sərt görkəmli gənclər sakit-sakit ətrafa göz gəzdirirdilər. Hündürboy, düzqamətli, enli kənarlı keçə şlyapa qoymuş oğlanlar bir az aralıda dayanmışdılar. Dördkünc kiçik papaqlarını peysərlərinə sürüşdürmüş iki cavan isə əl-qol ata-ata danışıb, arabir evin pəncərələrinə baxırdı.  

Hər il Qafqazın, xüsusən Zaqafqaziyanın bir çox yerlərindən müxtəlif millətlərə mənsub gənclər müəllimlər seminariyasına girmək üçün buraya – Qoriyə gəlirdilər. Seminariya yuxarıda dediyimiz ikimərtəbəli binada yerləşirdi. Şagirdlər arasında ruslar, azərbaycanlılar, ermənilər, gürcülər, abxazlar, kürdlər, Dağıstanın çoxlu xalqlarının nümayəndələri, Kuban və Terek kazakları, hətta noqaylar və Povoljye tatarları da vardı. Qori Müəllimlər Seminariyası xüsusilə azərbaycanlıları cəlb edirdi, çünki ümumi qaydalardan fərqli olaraq, bu məktəbdə “Zaqafqaziya tatarlarından”, yəni azərbaycanlılardan müəllimlər hazırlamaq üçün xüsusi pansionu olan “tatar şöbəsi” var idi. Buna görə də seminariyaya girmək istəyənlər arasında azərbaycanlı gənclər çox olurdu, onların arasında da qarabağlılar və qazaxlılar əksəriyyət təşkil edirdi. Bu dəfə də belə idi. Seminariyaya girmək istəyənlər tibbi müayinədən keçirdilər, qəbul imtahanları sonra başlayacaqdı. Hər kəsə seminariyaya girmək nəsib olmurdu: imtahanlar o qədər də asan deyildi, arzu edənlərdən çoxu əliboş geri, evə qayıdırdı, imtahan verənlər isə məktəbə qəbul olunurdular: azərbaycanlılar aşağı hazırlıq siniflərinə, ruslar, gürcülər və digərləri isə yuxarı hazırlıq siniflərinə. Qəbul olunanlar dövlətin hesabına keçirdilər. Beş il burada oxuduqdan sonra onlar ibtidai xalq məktəblərində beş il məcburi müəllimlik etməli idilər, yəni hər təhsil ili üçün bir il məcburi qulluq nəzərdə tutulmuşdu. Bu il qəbul imtahanlarını verib seminariyanın “tatar şöbəsinin” aşağı hazırlıq sinfinə qəbul olunanlar arasında açıq qəhvəyi rəngli şagird kurtkası geymiş, belinə ensiz qayış bağlamış, qaragül papağı qoymuş qarabuğdayı, arıq bir cavan da vardı. Bu, Üzeyir Hacıbəyli idi.

Üzeyir bəy. 1899-cu il

Sərt rejim və böyük ciddiyyətlə keçən beş illik seminariya təhsili, habelə pansionatda bir yerdə yaşamaq bizi dostluq və yoldaşlıq ailəsində birləşdirmişdi. İstirahət saatlarında biz qiraətlə məşğul olur, dərsləri öyrənir, dostluq söhbətləri edir, bəzən də musiqi ilə məşğul olurduq. Musiqi ilə maraqlanmağımız ondan doğurdu ki, məktəbdə məcburi dərslərdən biri də avazla oxumaq və çalmağı bacarmaq idi.  Seminariyanın bütün şagirdləri, musiqiyə həvəs və istedadları olub-olmamasına baxmayaraq, avazla oxumağı və skripkada çalmağı öyrənməli idilər, çünki ibtidai məktəb müəlliminin vəzifəsinə uşaqlara skripkanın müşayiətilə oxumağı öyrətmək də daxil idi. Bir çoxları üçün bu dərs çətin və anlaşılmaz idi (xüsusən Avropa musiqisi və oxumaq). Bə’ziləri skripka çalmağı heç cür öyrənə bilmirdi. Mən yoldaşlarımdan birini xatırlayıram ki, seminariyada oxuduğu beş il ərzində qammaları öyrənmək üçün çox əziyyət çəkdi, seminariyanı bitirdi, amma yenə də qammaları öyrənə bilmədi. Avazla oxumaq və skripkada çalmaq dərsləri Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, mənim və bir sıra başqa yoldaşlarımızın xüsusilə xoşuna gəlirdi. Biz təkcə skripka ilə kifayətlənməyib, nəfəs alətlərində də çalmağı öyrənmək qərarına gəldik. Üzeyir baritonu seçdi, Müslüm klarneti, mən isə korneti. Bizim məşğələlərimiz müvəffəqiyyətlə keçirdi və 6-7 aydan sonra bizi seminariyanın orkestrinə qəbul etdilər. Bir müddətdən sonra seminariyada simli orkestr də yaradıldı. Üzeyir violonçel çalmağı öyrənməyə böyük səy göstərirdi və artıq birinci sinifdə bu orkestrin çıxışlarında fəal iştirak etməyə başlamışdı. Musiqi müəllimimiz Mixail Leontyeviç Pekker skripkada pis çalmırdı, hətta konsertlərdə də çıxış edirdi. O, “solaxay” olduğundan, skripkası elə düzəldilmişdi ki, onu sağ əlində tutub çala bilsin. Amma biz çox təəccüb edirdik ki, musiqi dərslərimizdə bizim skripkamızı çox asanlıqla sol əlində tutaraq, partalarımızın üstündəki notlara əks tərəfdən (tərsinə baxıb) yaxşı çalırdı. Mixail Leontyeviç ciddi, tələbkar və çox inadkar müəllim idi. O, qısa müddətdə ona nail oldu ki, biz nəfəsli, həm də simli orkestrlərdə nəinki təkcə ayrı-ayrı marşları və valsları, habelə “Faust”, “Traviata”, “Knyaz İqor”, “Yevgeni Onegin” və digər operalardan bütün popurriləri çala bilirdik. Pis də çalmırdıq. Simli orkestrimiz yalnız seminariya daxilində təşkil edilən gecələrdə yox, hərdənbir ictimai yerlərdə: klublarda, xeyriyyə gecələrində, nəfəsli orkestr isə şəhər bağında çıxış edirdi. Bir məşğuliyyətimiz də məşhur operalardan ayrı-ayrı parçaları və duetləri öyrənmək, sonra da onları yoldaşların toplanışında ifa etmək idi. “Ruslan və Lüdmila”, “Fra Dyavolo” və “Qugenotlar” operalarından Mazas, Danklın duetləri və ariyalar daha çox müvəffəqiyyət qazanırdı. Biz çoxlu albom almışdıq, xoşumuza gələn kiçik musiqi əsərlərini buraya köçürürdük. Bütün bu məşğuliyyətlərimizdə musiqiyə, rəqslərə böyük meyl və bacarıq göstərən və orkestrin kapelmeyster köməkçisi vəzifəsinə irəli çəkilmiş Müslüm Maqomayev fəal rol oynayırdı. O, bizə Qərb rəqslərini öyrədirdi. Bununla əlaqədar bir məzəli hadisə danışım. Bir dəfə orkestrin məşqindən sonra musiqi sinfində qaldıq. Müslüm bizə “pad’espan” rəqsini öyrədəcəkdi. Altı cüt idik. Lazım olan kimi sıraya düzüldük. Əlində skripka tutmuş Müslüm rəqsin ilk hərəkətini göstərib, bizə başlamaq işarəsi verdi. Rəqsin ilk hərəkətini eləyib qurtarmışdıq ki, sinfin qapısı açıldı, kök və qoca, həqiqi statski sovetnik rütbəsində ciddi görkəmi olan kişi göründü. Bu, bizim direktorumuz idi.

Ayağımız havada quruyub qaldıq. Araya bir anlıq sükut çökdü. Direktor bizi bu vəziyyətdə görüb qəhqəhə çəkdi, biz də özümüzə gəldik. Pərt halda qalmışdıq, çünki seminariya rəhbərliyi belə məşğələləri bəyənmədiyi üçün biz Qərb rəqslərini onlardan gizli öyrənirdik. Bu dəfə hər şey yaxşı keçdi. Direktor tərs-tərs baxmaqla kifayətləndi və Maqomayevə dedi ki, musiqi sinfini açıq qoymasın.  Bizim musiqi inkişafımızda müəllim Semyon Pavloviç Qoqliçidzenin apardığı mahnı dərsləri də az rol oynamamışdır. Bu dərslərdə biz ilk dəfə not sistemi, qammalar, tonlar, yarımtonlar, iki və üçsəsli oxuma ilə tanış olduq. Yoldaşlarımızdan bir çoxu üçün, xüsusən Azərbaycanın uzaq kənd və rayonlarından gəlmiş və heç zaman Qərb musiqisini, oxuma tərzini eşitməmiş uşaqlar üçün bütün bu qammalar, not işarələri, musiqi terminləri çətinlik təşkil edirdi. Şagirdlərdən çox az adama bu çətinlikləri adlayıb “ikinci” və “üçüncü” səslə oxumaq müyəssər olurdu. Buna görə də Qarabağdan gəlmiş və o vaxtadək Avropa çoxsəsli oxuma tərzini eşitməmiş Üzeyir Hacıbəylinin dərhal, bir-iki dəfə izah etdikdən sonra bunu mənimsəməsi və nəinki birbaşa not vərəqindən “ikinci” və “üçüncü” səslə oxuya bilməsi, hətta həmin mahnı üçün ikinci tonları seçə bilməsi bizdə təəccüb doğururdu. Bu, xüsusilə bizi ona görə heyran qoyurdu ki, çox az adam “üçüncü” səslə oxuya bilirdi. Xatirimdədir: yoldaşlarımızdan V.Vəliyev adlı birisi not əlifbasından, ton və qammalardan baş açmadığı üçün bütün qammaları eyni tonda oxuyur, “do”dan “si”yədək notlarda oxuduğunu güman edərək, tədricən səsini yüksəldirdi. O qədər cəhd göstərirdi ki, “si” notunda artıq səsi xırıldamağa başlayırdı. Müəllim ona nə qədər izah edirdisə, başa sala bilmirdi ki, iş səsə güç verməkdə deyil, mahnının tonunu qaldırmaqdadır… Oxumaq, Avropa musiqi alətlərində çalmaq, orkestrlərdə iştirak etmək və arabir Tiflisə gedib opera tamaşalarına baxmaq Avropa musiqisini, onun nəzəriyyə və praktikasını mənimsəməkdə bizim üçün ilk təcrübə məktəbi oldu. Şərq musiqisi və oxumağı sahəsində isə yoldaşlarımız arasında Üzeyir ən bilici və gözəl ifaçı idi.  Bayram axşamlarında, bazar günlərində tələbkar seminariya rəhbərləri bizi bir neçə saatlığa şəhər kənarına gəzməyə buraxdığı zaman azərbaycanlı dostlar və həmyerlilər Üzeyirin və yaxşı muğamat ifaçısı olan Balabəy Məmmədbəyovun oxumasından böyük zövq alırdılar. Seminariyada təhsilimizin son illərində, məşğələlərdən kənar saatlarda, yemək salonunda Üzeyir yaxın yoldaşlarının iştirakı ilə “Şəbi-hicran” havasını xorla oxumağa səy göstərirdi. Pis alınmırdı və bu iş yoldaşlarının çox xoşuna gəlirdi. Sonralar “Şəbi-hicran”dan Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının müqəddiməsində istifadə etmişdi. Üzeyirə, Müslümə və yoldaşlarımızdan bəzilərinə qış və yaz tətillərində evə getmək həmişə müyəssər olmurdu. Belə vaxtlarda onlar pansionatda qalırdılar. Bəzən bir neçə günlüyə Tiflisə mənim yanıma gəlirdilər. Gələndə, əlbəttə, skripkalarını da özləri ilə gətirirdilər və biz günlərimizi çox şən keçirirdik. Operalardan duetlər, triolar və ayrı-ayrı parçalar bir-birini əvəz edirdi. Operaya getmək bizim üçün ən böyük sevinc olurdu. Tamaşa bizə ləzzət verir, həyəcanlandırırdı. Sonra uzun müddət opera tamaşasının müxtəlif parçaları, ariyaların ifası, aktyorların ustalığı müzakirə edilirdi. Operaya belə gedişlərdən birində aktrisa Qaşinskayanın Traviata rolunda çıxışı bizə dərin təsir bağışladı. Bunun üstündən xeyli illər keçəndən sonra belə onu xatırlayıb vəcdə gəlirdik. Çox zaman boş vaxtlarımızda ucadan kitab oxuyur, təhlil edir, nə vaxt isə oxuduğumuz kitablar haqqında söhbət aparırdıq. Bu sahədə böyük mübahisələrimiz də olurdu. Biz rus və Qərbi Avropa klassiklərinin çox əsərlərini oxumuşduq, özü də həmin əsərləri növbə ilə ucadan, ifadəli oxumaq sənətində bir-birimizi ötməyə çalışırdıq. Üzeyir daha çox Qoqolla, onun yumoru ilə maraqlanırdı. Ümumiyyətlə, yumor Üzeyirə xas idi və hələ seminariya illərində özünü büruzə verirdi. Qori Seminariyasında təhsilimizin son illərində yazdığı yumoristik şeir uzun müddət gülüş və zarafat mənbəyinə çevrilmişdi. Şeirin yazılmasına aşağıdakı hadisə səbəb olmuşdu: yuxarı sinif şagirdi olduğumuz zaman artıq ikinci sinifdən seminariya nəzdindəki ibtidai məktəbə təhkim edilmişdik. Burada biz azyaşlı uşaqlarla tərbiyəvi iş aparmalı, geri qalanlara kömək etməli, müəllimin nəzarəti altında ümumqrup məşğələləri keçirməli, məktəbdə növbə çəkməli idik… Bir dəfə bizim tatar şöbəsinin çox xəsis olan inspektoru şagirdlərin başını qırxdırmaq haqqına qənaət etmək məqsədilə (biz şəhər bərbərxanasında məktəbin hesabına başımızı qırxdırırdıq) evini axtarıb, paslanmış bir dəllək maşını tapdı. Onu mənə verib dedi ki, bununla uşaqların saçını qırxım. O vaxtadək heç zaman baş qırxmaqla məşğul olmamışdım. Buna baxmayaraq, intizamlı bir şagird kimi ciddi vəziyyət alıb, mənə verilən tapşırığı yerinə yetirməyə başladım. Uşaqların öz iştirakı ilə sadə “dəlləkxana” düzəldib, işə girişdim. Paslanmış maşın işləmək istəmirdi. Tükləri tutub saxlayır, qırxmır və geri də buraxmırdı. Çox səy göstərməyimə baxmayaraq, bir uşağın belə başını qırxa bilmədim. Lənətə gəlmiş maşın cırıldayır, tükləri əzib dartır, zavallı uşaq isə ağrıdan inildəyirdi. Maşını uşağın tükündən birtəhər qoparan kimi, uşaq əlimdən çıxıb, qışqıra-qışqıra həyətə qaçırdı. Xülasə, bu qayda ilə bir neçə uşağın başını korlayıb, mənim işimi maraqla izləyən yoldaşlarımın gülüşü altında inspektorun yanına gedib dedim ki, uşaqlardan bir neçəsinin başını korlamışam və onların arasında hörmətdən düşmüşəm. İnspektor uşaqların saçlarını düzəltmək üçün onları şəhər bərbərxanasına göndərməli oldu. Çoxlu gülüşə və zarafata səbəb olan bu hadisə Üzeyirin yumoristik şeiri üçün mövzuya çevrildi. Şeir yoldaşlarımız arasında böyük rəğbət qazandı. Azərbaycanca yazılmış bu şeir yadımda, təəssüf ki, bütövlüklə qalmayıb. İlk sətirlərini xatırlayıram:

Ülgücü verdi Məmməd Əliyə ol kafir,

Dedi: — Get uşaqları bir-bir çağır:

Qırxginən başlarını, ol bizə parikmaxir,

Yaz adını o kəsin, gör desə aman olmaz.

See Also

Seminariyada təhsil illəri sona çatırdı. Bizim sinfin şagirdləri əvvəldən axıradək yaxşı oxumuşdular. Qabaqcıl şagirdlərin ön sırasında Üzeyir və Zülfüqar Hacıbəylilər, Müslüm Maqomayev, Azad Əmirov gedirdilər. Mən də onlardan geri qalmırdım. Sinif jurnallarında adımız əvvəldə yazılırdı (seminariyada qəbul edilmiş qaydaya görə şagirdlərin familiyası jurnalda əlifbaya görə yox, əlaçı olduqlarına görə yazılırdı). Buraxılış mərasimində seminariya direktoru bizim sinif haqqında tərifli sözlər deyib bildirdi ki, müəllim seminariyalarında işlədiyi uzun illər ərzində ilk dəfədir belə qüvvətli, həm nəzəri, həm də praktiki cəhətdən yaxşı hazırlıqlı gənc müəllimlər dəstəsi buraxır. 1904-cü il iyunun əvvəllərində biz Zaqafqaziya Müəllimlər Seminariyası ilə vidalaşıb evlərimizə qayıtdıq və təyinat aldığımız xalq məktəblərinə işləməyə getdik. 1906-cı ildə Bakıda Üzeyirlə yenidən görüşdüm və uzun illər boyu davam edən dostluğumuz başladı. Xüsusilə, 1907-1908-ci illərdə, Üzeyir “Leyli və Məcnun” operasını yazmağa başlayanda daha tez-tez görüşürdük.

Azərbaycan operası yaratmaq və onu səhnəyə qoymaq ideyası o zaman o qədər də çox olmayan Azərbaycan ziyalıları, xüsusən gənclər arasında (şübhəsiz ki, Üzeyirin keçmiş məktəb yoldaşları olan dostları arasında) görünməmiş böyük marağa səbəb oldu. Hər kəs ona bacardığı köməyi etməyə hazır idi. Mən skripkada pis çalmırdım, operanın artıq hazır hissələrini yoxlamaqda, həmçinin, xor nömrələrinin öyrənilməsində ona kömək edirdim. İlk Azərbaycan operasını tamaşaya qoymaq üçün o zaman nə artist, nə də professional musiqiçilər var idi. Musiqiçi tapılanda da vəsait, pul olmurdu. Beləliklə, operanı yenicə fəaliyyətə başlayan gənc həvəskar artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Hənəfi Terequlov və ozamanadək heç vaxt səhnədə çıxış etməmiş gənclərin iştirakı ilə tamaşa qoymalıydıq. Orkestrin heyəti, əsasən, birtəhər skripkada çalmağı bacaran keçmiş seminaristlərdən və Qurban Pirimovun başçılığı ilə Şərq alətlərində çalan musiqiçilərdən ibarət idi. Mənə birinci skripka çalmaq şərəfi nəsib olmuşdu. Operanın tamaşasına hazırlıq işləri (rolların öyrənilməsi, xorun və orkestrin məşqləri) əvvəl ayrı-ayrı parçalarla, sonra isə bütöv pərdələrlə “İslamiyyə” mehmanxanası nömrələrinin birində keçirildi. Çox vaxt günortadan sonra xor oxuyanlar, musiqiçilər və solo nömrələrinin ifaçıları buraya toplaşırdılar. Bəzən toplaşanların hamısı bir otağa yerləşmirdi. Onda mehmanxana sahibindən ikinci nömrəni də xahiş etməli olurduq. İş çox, özü də çətin idi, əsəb tələb edirdi, xüsusən Üzeyir üçün. Lakin o, həmişə olduğu kimi, həyəcanlanmadan, tələsmədən, ona xas təmkinlə işi yoluna qoyurdu, tamaşanın iştirakçıları da öz rollarını gündən-günə təkmilləşdirirdilər. Tədricən hər kəsin yeri müəyyənləşirdi—kim hansı işi görməlidir. Rejissorluq Hüseyn Ərəblinskiyə, dirijorluq isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyevə həvalə edilmişdi. Səhnədə və orkestrdə ümumi rəhbərliyi Üzeyir öz öhdəsinə götürmüşdü. Azərbaycan dilində yeni operanın tamaşaya hazırlandığından xəbər tutan bakılılar böyük maraq və səbrsizliklə ilk tamaşanı gözləyirdilər. Biz isə bu böyük hadisəyə həyəcanla hazırlaşır və operanın camaat tərəfindən necə qarşılanacağını öyrənməyə tələsirdik. Nəhayət çoxdan gözlədiyimiz gün gəlib çatdı. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operasının tamaşasını bildirən afişalar Bakıda göründü.  Tağıyev teatrının kassası önünə çoxlu adam toplanmışdı. Biletlər dərhal alındı. Axşam ağzınadək dolu olan salonda tamaşa başlandı. Tamaşanın həvəskar iştirakçılarının böyük qorxu və həyəcanla öz rollarını ifa etməsinə, musiqiçilərin isə vəziyyətdən birtəhər çıxmasına baxmayaraq, tamamilə yeni musiqi əsəri olan bu opera tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Gurultulu alqışların, müəllifin və baş rolları oynayan artistlərin dönə-dönə səhnəyə çağırılmasının, çiçəklər təqdim edilməsinin sonu yox idi…

Əli TEREQULOV

1945

What's Your Reaction?
Excited
0
Happy
0
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top