Now Reading
Qul yolu

Qul yolu

Dərbənddən İslam şəhərlərinə uzanan əsir həyatların hekayəsi…

Orta əsrlərdə şərqdən-qərbə, şimaldan-cənuba Avrasiya və Afrika qitələrini quru və dəniz vasitəsilə bir-birinə bağlayan ticarət yollarının çox sayda adları var. Bu yollardan, sadəcə, biri yaddaşımızdadır: İpək yolu. Həmin ticarət xəttinin bir qolu və ya qolları ölkəmizin ərazisindən keçib. Lakin bizim tariximizdə ipək qədər, digər yollar da məşhur idi.  Bu yollardan birinin adı “Qul yolu”dur.

Dərbənd qul bazarı

Əməvi və Abbasi xilafətlərinin şimal sərhədini təşkil edən Dərbənd uzun əsrlər şimal ölkələri ilə İslam Dünyası arasında ticarət xəttinin ana dayanacağı olub. Dərbənd 642/643-cü ildə Suraqə ibn Əmra tərəfindən müsəlmanların əlinə keçmişdi (1).

Dərbənd həm quru, həm də dəniz yollarının kəsişdiyi nöqtədə yerləşirdi. Liman şəhəri olaraq ortaya çıxmasının səbəbi Xəzərdəki əlverişli mövqeyi idi. Üstəlik, Dərbənd sahilləri gəmilərin quruya yanaşması baxımından da əlverişli olub, gəmiləri narahat edən sualtı qayalıqlara  sahib deyildi. Güclü qala divarları ilə əhatə olunan şəhər şimal-cənub ticarətinin birləşdiyi nöqtədə yerləşirdi. Ərəbdilli mənbələrdə Bab əl-əbvab adlanan şəhər, dövrün müsəlman coğrafiyaçılarına görə, Qafqaz dağlarından keçən yolun başlanğıc nöqtəsini təşkil edirdi (2). Yəni İdil (Volqa) çayı ətrafı bölgələrdən Xəzər dənizinin qərbi ilə cənuba uzanan böyük ticarət yolunun ən başlıca keçidi Dərbənd idi. Müsəlmanlar buraya Xəzər qapıları (Dərbəndi-Xəzaran) deyirdilər.

Çarlz Vilda – İlanbaz (1883)

Çox sayda bazarı ilə diqqət mərkəzində olan Dərbəndin bir başqa xüsusiyyəti də şimal-cənub xəttində qul ticarətinin mərkəzi olması idi. “Hüdud əl-aləm” əsərinin müəllifinə görə, Dərbənd qul ticarətinin mərkəzi, Yaqut əl-Həməviyə görə isə, “hər cinsdən (millətdən) qulun satıldığı” yer idi (3). Müqəddəsiyə görə, Dərbəndin ixracat malları arasında qullar da yer alırdı (4).

Şimal ölkələrindən gətirilən, ərəbdilli mənbələrdə adları səkalibi, xəzəri, rumi, erməni, becenaki (peçenek), burtasi olaraq qeyd edilən həmin qulların sayı minlərlə idi (5). Müasir tədqiqatçılar “İdil-Xəzər qul nəqliyyatı və ticarət qovşağı” adlandırdıqları bu xətt üstündə Dərbəndin adını ön plana çıxararaq, qul alverçilərinin öz ehtiyaclarını buradan qarşıladıqlarını, oradan qul karvanlarının Aran (Arran) paytaxtı Bərdəyə hərəkət etdiyini, Bərdədə iki istiqamətə ayrılıb, qul yolunun birinin Beyləqandan Azərbaycana və daha cənuba, digərinin isə Dəbil (Dvin) üzərindən Cəzirəyə (Cənub-Şərqi Anadolu ilə Şimali İraq) doğru xilafətin böyük şəhərlərinə doğru yol aldığını qeyd edirlər (6).

O dövrün bir növ beynəlxalq ticarət mərkəzi olan Dərbənddə müsəlman tacirlərlə yanaşı, rum (Bizans), erməni, rus-varyaq, yəhudi tacirlərinin də dükanları, anbarları və bazar yerləri vardı. Onlardan kobudluqları ilə müsəlman müəlliflərin əsərlərində iz buraxan rus-varyaqlar ağdərili və sarışın slavyan qullarını gəmilərlə İdil-Xəzər su yolu ilə Dərbəndə gətirirdilər. Slavyan qadınları və gənc oğlanları uzun əsrlər rus-varyaqların başlıca ticarət mənbəyi olmuşdu.

Qul qiymətləri

İslam dünyasında qullar keyfiyyətlərinə görə qiymətləndirilirdilər. Əsasən, iki cür qul vardı:

1.Keyfiyyətli qullar

2.Keyfiyyətsiz qullar

Əgər satın alınan bir qul və cariyə (qadın qul) hər hansı bir sənət qabiliyyətinə sahibsə, hətta ərəb dilində danışır və bu dildə mahnı oxuya bilirsə, qiyməti 100 dinardan (qızıl pul) aşağı deyildir. Yox, satın alınan qul və cariyə heç bir qabiliyyətə sahib deyildirsə, qiyməti iki dinardan başlayırdı.

Slav qullarının mənfi cəhətləri çox idi. Qul ticarətində ən mühüm şərtlərdən biri satılan qadının bəkarətinin olub-olmaması idi. Çünki bu xüsusiyyət cariyənin qiymətini azaldan və artıran başlıca cəhət idi. Ancaq rusların gətirdikləri cariyələrin çoxu bakirə olmadığından qiymətləri iki dinardan yuxarıya qalxmırdı. Bunun səbəbini X əsrin əvvəllərində Volqa bolqarlarının ölkəsinə qədər səyahət edən müsəlman alimi İbn Fazlan açıqlayır:

“Ruslar Allahın ən murdar məxluqlarıdır. Böyük və kiçik abdəstdən sonra təmizlənmirlər. Cənabət olduqları halda yuyunmazlar. Yemək yedikdən sonra əllərinə su vurmazlar. Sanki yolunu itirmiş eşşəyə oxşayırlar. Çox vaxt bir qrup bir-birinin yanında cariyələri ilə cinsi əlaqəyə girirlər. Hətta cariyə satın almaq istəyən bir tacir onların qaldığı yerə getdiyində həmin adamın (rusun) öz cariyəsi ilə cinsi münasibətdə olduğunu görür. Bu vəziyyətdə belə, o adam öz işinə davam edir, ancaq işini qurtardıqdan sonra cariyənin üstündən qalxır” (7).

C.F. Qud – Qul Bazarı

Slavyan qullarının təmiz olmaması, dil bilməməsi, yaxşı rəqs etməməsi də onların qiymətinə təsir edirdi. Ancaq bu vəziyyət ən çox müsəlman tacirlərinə kar qazandırırdı. Çünki ərəb tacirlər iki dinara satın aldığı cariyələrə bir illik yaxşı təhsil verdikdən sonra 100-500 dinara satırdılar. Cariyələrə verilən təhsil dil, bəlağət, mahnı oxumaq və rəqs etməkdən ibarət idi. Ancaq bu qabiliyyətlərə yiyələnə bilməyənlərə əl sənətləri öyrədilirdi.

Buna görə də qul alverçiləri, əsasən, kiçik yaşlı qullara üstünlük verirdilər. Bu, onların öyrənməsi, qul alverçilərinin ifadəsilə “əhliləşdirilmələri” baxımından mühüm idi.

Müsəlman ölkələrinə gətirilən slavyan cariyələr saraylarda, malikanələrdə xidmətə alınarkən, böyük hissəsi zövq qadınları olurdular. Slavyan oğlanları isə “xədim” edilirdi. “İğdiş” olunan və xacə də adlandırılan bu oğlanlar sahiblərinin xidmətçiləri olurdular. Ərəblər nadir hallarda slavyan qul oğlanlarını orduya cəlb ediblər. Misal üçün, Şimali Afrikada ortaya çıxan Əğləbilər (X əsr) sakalibə əsilli qullardan hərbi dəstələr yaratmışdılar.

Xədim olunan bu qullar öz sahiblərinin ən sadiq adamları idilər. Hətta xədim olub vəzirlik məqamına qədər yüksələn qullar vardı. Belə şəxslər hökmdarların sirdaşları və tərəfdarları idi. Öz sahibləri üçün canını verən onlarla belə qulun hekayəsi mövcuddur (8).

Əməvilərin ilk dövrlərində bir qabiliyyətli qulun qiyməti 1400 dirhəm (gümüş pul) idi. Lakin müsəlman ərəblərin sürətlə varlanması ilə paralel olaraq qul əməyinin genişlənməsi qiymətlərin astronomik yüksəlişinə səbəb oldu. Qul qiymətlərinin artımı prosesi hələ Osmanın xəlifəliyi dövründə (644-656) başlamışdı. Əməvi xəlifəsi Əbdülmalik dövründə bir milyon dirhəmə, yəni 70 min qızıl pula satın alınmış əz-Zelfa adlı bir cariyədən bəhs edilir. Həmin qadını bu qədər qiymətli edən başlıca amil gözəl səsə malik olması idi (9).

Qulların həyatı

İslam sosial sistemində qulun öz qul kimliyinə son vermək haqqı vardı. Bunun ən sadə yolu inancını dəyişib müsəlman olduğunu elan etməsi idi. Bu yolla müsəlman olan və azadlığına qovuşan çox sayda quldan bəhs edilir. Qul üçün müsəlman sahibin yanında yaşamağın öz yurdunda yaşamaqdan daha rahat olduğu ortaya çıxır. Ancaq bu, bütün qullar üçün keçərli deyildi. Xüsusilə, xədim olan qulları olduqca ağır bir həyat gözləyirdi.

See Also

Ümumiyyətlə, xədim əməliyyatları çox ağır bir prosesdir. Belə əməliyyatların aparılması müsəlman ölkələrində birmənalı olaraq qadağan olsa da (10), 815-ci ildən sonra xədimləşdirmə İslam ölkələrində normallaşmağa başladı (11). Xədim əməliyyatının ustaları yəhudilər idi. Buna görə xədim qullar daha çox yəhudilərin çox və rahat yaşadıqları Əndəlüsdən gətirilirdi.

İnsanın qanını donduran bu əməliyyatlar sırasında çox sayda qulun həyatını itirməsi, əməliyyatdan şikəst çıxması normal hal idi. Tədqiqatçı Kəhhalə bu əməliyyatlar nəticəsində sönən gənc uşaqların həyatına diqqət çəkən bəzi açıqlamalar verib. Əməliyyatdan sağ çıxanları dərin psixoloji problemlər gözləyirdi. Lakin bu həyata dözüb, yeni həyata ayaq uyduran xədimlər də az deyildi (12).

Belə oğlanlara ərəblər “xisyan”, yəni “haram işlər görən” deyirdilər. Onların sərbəst halda küçəyə çıxması problem idi. Çox vaxt gülüş obyektinə çevrilirdilər. Əməvilərin ilk dövrlərindən etibarən ərəb qadınlarının sosial həyatdan çəkilməyə başlaması və hərəm həyatının ərəblərin populist həyat tərzinə çevrilməsi xədimlərə olan ehtiyacı artırmışdı. Belə olan halda, orta səviyyənin yuxarısında, demək olar ki, bütün ərəblərin həyatına xədim oğlanlar daxil olmuşdu. Xədimlərlə yaşamağı ilk dəfə Əməvi xəlifəsi Yəzid ibn Müaviyyənin aktuallaşdırdığı qeyd edilir (13).

Bəzi xəlifələrin həyatında xədimlər həyati dərəcədə rol oynayıblar. Misal üçün, Abbasi xəlifəsi Əmin bütün sarayın işlərini onlara tapşırmış, hətta cariyələrini və qadınlarını saraydan qovaraq, oğlanlarla əylənməyə başlamışdı. Onun bu halını görən vəzirin anası Ümmü Cafər xəlifəni yenidən qadınlarla münasibətə cəlb etmək üçün cariyələri müxtəlif şəkildə və formada geyindirib bəzəyərək Əminin hüzuruna çıxarmağa çalışmışdı (14).

Cariyələr (qadın qullar) isə birmənalı olaraq sarayların və zadəgan malikanələrinin “yataqlıq” (zövq qadını) və müxənni-rəqqasə kadrlarının əsasını təşkil edirdilər. Kəhhaləyə görə, müsəlman ərəb cəmiyyətində cariyələrə olan rəğbətin artması ilə müsəlman və azad qadınların sosial həyatdan uzaqlaşdırılması prosesi arasındakı bağlar diqqəti cəlb edir. Müsəlman kişiləri bir tərəfdən öz nikahlı xanımlarını gizlətməyə meyil edərkən, digər tərəfdən də cariyələrlə münasibətlərini qeyri-əxlaqi ölçülərə qədər abartmışdılar (15). “Rəqqasə cariyələr” haqqında bir risalə qələmə alan Abbasi dövrünün məşhur alimi Cahiz (IX-X əsr) bununla bağlı ərəblər arasında çox yayılmış bir zərb-məsəl qeyd edir: “Kim çətinliyin və xərcinin az olmasını, yaxşı xidmət görməyi, heybət və məiyyətinin artmasını istəyirsə, azad qadınlarla (müsəlmanlarla) deyil, cariyələrlə evlənsin” (16).

Əməvilər və Abbasilər dövrlərində cariyəsi olmayan zadəgan ərəb yox idi. Xüsusilə cariyələr üst təbəqələrin əyləncə həyatının ayrılmaz parçası idilər. Eyş-işrət, yemək, musiqi və şeir məclislərində, əyləncə gecələrində cariyələr zövq obyekti idilər. Dövrün ərəb ədəbiyyatı onlar haqqında ağla-xəyala gəlməyən fantaziyalarla zəngindir (17).

Türklərin 961-ci ildə xilafət sistemini əllərinə keçirdikləri tarixə qədər dövlətin sərmayəsini də arxalarına alan kübar və aristokratik müsəlman ərəb cəmiyyəti elə iyrənc bir hal almışdı ki, Həsən əl-Hac kişilər, xüsusilə də gənc ərəb oğlanları arasında “homoseksuallığın”, qadınlar arasında isə “ləzbiənliyin” çoxaldığını qeyd edir (18). İbn əl-Əsir varlı və zadəgan ərəblərin öz qulları ilə eşq həyatı yaşadıqlarını, daha sonra onları xədim edib cariyələrinin xidmətinə verdiklərini yazır (19).

Lakin İslam dünyasında cariyə və qul həyatının bununla məhdudlaşdığını iddia etmək doğru deyildir. Məsələyə insani dəyərlərdən yanaşanlar da az olmayıb, hətta onların sayı harınlamış ərəblərdən çoxdur. Cariyə satın alıb, onu azad edən, hətta öz tələbələri ilə evləndirən müsəlman alimləri haqqında çoxlu məlumatlar mövcuddur.

Ədəbiyyat

  1. Aşurbəyli Sara, Şirvanşahlar dövləti (VI-XVI əsrlər), Bakı 1997, s. 55
  2. İbn Hurdazbih, Kitab əl-məsalik vəl-məmalik, ed. M.J.de Goeje, Leiden 1889, s. 123-124
  3. Hudud əl-aləm,The Refions of the World, transl. V.F.Minorsky, London s. 145; Yakut el-Hamevi, Mucemü`l-büldan, Beyrut 1977, c. I, s. 303
  4. Mukaddesi, Ahsen et-Tekasim, ed. M.J.de Goeje, Leiden 1877, s. 380.
  5. Hudud əl-aləm, s. 142; Bünyadov Ziya, Azərbaycan VII-IX əsrlərdə, Bakı 1989, s. 197.
  6. Şen Erman, Abbasi Devleti Döneminde Avrasya`yla Gerçekleştirilen Uluslararası Köle Ticareti (750-945), Mimar Sinan Üniversitesi Doktora Tezi, İstanbul 2016, s. 180-185
  7. İbn Fadlan, Seyahatname, Tercüme Ramazan Şeşen, İstanbul 1995, s. 70-71
  8. Martino Mario Moreno, “Sicilya`da Müsülmanlar”, Abdulhalik Bakır, Ortaçağ Tarih ve Medeniyetine Dair Çevriler, Ankara 2008, c. II, s. 706-707
  9. Bakır A., “Ortaçağ İslam Dünyasında Köle Fiyatları”, TTK Belleten, s.
  10. Hətta heyvanların da xədimləşdirilməsi qadağan idi. Bax. əl-Maverdi Əbül-Həsən Əli ibn Məhəmməd ibn Həbib əl-Bağdadi, əl-Ahkam əs-sultaniyyə, Beyrut 1986, s. 431.
  11. Mez Adam, el-Hadarat əl-İslamiyyə fil-karn ər-rabi əl-hicri, tarcuma M.E.Ebu Raydə, Qahirə 1941, c. I, s. 127
  12. Kehhale Ö. Rza, əl-Mərətü fi aləməyi əl-ərəb vəl-İslam, Beyrut 1984, c. II, s. 60
  13. Həsən əl-Hac, Hadarat əl-ərəb fil-əsr əl-abbasi, Beyrut 1994, s. 19
  14. Təbəri Əbu Cəfə Məhəmməd, Tarix ər-üməm vəl-müluk, Beyrut 1967, c. III, s. 950; Məsudi Əbül-Həsən Əli ibn Hüseyn, Müruc əz-zəhəb və məadin əl-cövhər, əl-Məktəbət ət-Ticarə 1964, c. VIII, s. 299
  15. Kehhale, əl-Mərətü, c. II, s. 59, 101
  16. Cahiz Əbu Osman Əmr b. Bəhr, əl-Məhasin vəl-əzdad, Beyrut 1991, s. 367
  17. Kehhale, əl-Mərətü, c. II, s. 58
  18. Həsən əl-Hac, Hadarat, s. 184

İbn əl-Əsir, əl-Kamil fit Tarix, Beyrut 1979, c. VII, s. 88

What's Your Reaction?
Excited
1
Happy
1
In Love
0
Not Sure
0
Silly
0
View Comments (0)

Leave a Reply

Your email address will not be published.

© 2020 Çapar Dərgisi. Bütün Hüquqlar Qorunur

Scroll To Top